15 Aprel 14:37
4 812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal miqyasda baş verən proseslər sözsüz ki, Cənubi Qafqaza təsir edəcək. Hazırda beynəlxalq səviyyədə münasibətlər gərgindir. Yaxın Şərqdə, Ukraynada gedən proseslər diqqət mərkəzindədir. Amma bütün bunlara baxmayaraq Azərbaycan bölgədə sabitlik adası kimi xarakterizə edilir.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, Cənubi Qafqazda prosesləri pozmaq niyyətində olan qüvvələr var:

“Bölgəni çalxalamaq, münasibətləri qeyri-sabit hala gətirmək niyyətləri açıq görünür. Buna cəhdlər edilir. Bir neçə mərhələdə bu müşahidə olunur. Ermənistanın özünün təşəbbüskarı olduğu gərginlik mühitini də diqqətdən qaçırmaq olmaz”.

Millət vəkili hesab edir ki, 2018-ci ildən bu yana Ermənistanın sərgilədiyi siyasət regionda normal vəziyyətin yaranmasına xidmət etmir:

“Çünki hər gün dəyişən siyasət bölgədə müharibəyə, qarşıdurmaya səbəb olub. Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. Bunun səbəbkarı Ermənistandır. Danışıqlar prosesində qarşı tərəf özünü qeyri-sabit apardığına və Qarabağla bağlı verilən yanlış bəyanatlar yekunda Azərbaycanın qəti mövqe sərgiləməsi ilə nəticələndi”.

Səməd Seyidova görə, erməni tərəfi II Qarabağ müharibəsindən sonra da sakitləşmək istəmir:

“Çünki daxildə böyük təlatümlər var. Hələ də normal bir dövlət kimi hansı istiqamətdə hərəkət edəcəklərini müəyyənləşdirməyiblər. Digər bir məsələ isə Qərbin bölgəyə müdaxiləsi, Fransanın timsalında olan addımlar var. Bütün bunlar bölgədə gərginliyin yaranmasına, güclənməsinə xidmət edir. Ermənistandan da bu məqsədlər üçün müxtəlif qüvvələr istifadə edəcək. Azərbaycan isə bu xəttə qarşı özünün düzgün siyasətinə sadiqdir. Bu siyasət bölgədə sabitlik nöqtəsindən irəli gələn məsələləri zəruri edir. Bakının bu istiqamətdə olan mövqeyini isə heç kim dəyişdirə bilməz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər