Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıqla qətlə yetirilməsinə, onların soyqırımı cinayətinin qurbanına çevrilməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva paylaşım edib.
Qeyd olunub ki, bu gün Ermənistanın Kəlbəcər rayonunun Başlıbel kəndində törətmiş olduğu qətliamdan 31 il ötür:
"İnsanlıq əleyhinə yönəlmiş bu qanlı qətliam nəticəsində beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, içərisində qadınların, uşaqların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilmiş, hətta bəziləri diri-diri yandırılmışdır. Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelin tarixi, dini, mədəni obyektləri işğal zamanı dağıdılaraq məhv edilib”.
Eyni zamanda vurğulanıb ki, Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilmiş şəxslərin dəfn olunduğu yer aşkar edilib:
“Kütləvi şəkildə qətlə yetirilmiş kənd sakinlərinin qalıqları ekshumasiya edilməklə şəxsiyyətləri müəyyənləşdirilib və daha sonra ayrı-ayrı dəfn olunub”.