29 Aprel 13:54
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Azərbaycanın dünya birliyndəki reytinqi sürətlə yüksəlir. Vətən müharibəsində Ermənistan üzərində qazanılan tarixi qələbədən və 2023-cü ildə yenilməz ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağı tərk etməsi, Qazaxın 4 kəndinin bir güllə atılmadan işğaldan azad olunması Azərbaycanın dünya birliyindəki nüfuzunu daha da artırıb. Məhz bu baxımdan Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, nüfuzlu beynəlxalq təşkilatların tədbirlərindəki çıxışları böyük maraqla qarşılanır. Prezident İlham Əliyevin bu günlərdə reallaşan Almaniyaya işgüzar səfəri və bu ölkənin paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı, həmçinin tədbirdəki çıxışı beynəlxalq aləmdə diqqətlə izlənilib.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələrinin inkişafından söhbət açan Ç.Qənizadə bu məsələni dövlət başçımızın Almaniyada keçirilən mətbuat konfransındakı çıxışında da vurğuladığını diqqətə çatdırıb: ”Prezident İlham Əliyev Almaniya-Azərbaycan əlaqələrinin inkişafının həm ölkələrimiz üçün, həm də bütövlükdə, Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb etdiyni bildirdi. Çünki Almaniyanın Avropanın inkişaf etmiş qüdrətli dövlətlərindən biri olduğu hamıya bəllidir. Bu baxımdan Azərbaycanın bu ölkə ilə əməkdaşlığı əhəmiyyətlidir. Dövlətimizin başçısı bu il Azərbaycanın COP29-a evsahibliyi edəcəyini də diqqətə çatdırdı. Dedi ki, COP29-a evsahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Prezident qeyd etdi ki, Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”.

Hüquq müdafiəçisi deyib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əsas ölkələrdən biridir. Bu reallıq beynəlxalq aləmdə də etiraf olunur. Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirib. Ölkəmizin Avropaya qaz təchizatı strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul etmişlər. 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindəyik. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb. Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır.

Dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirməsindən söhbət açdığını deyən Ç.Qənizadə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyadakı görüşlərini xatırladıb. Prezident vurğuladı ki, Almaniyanın xarici işlər naziri bu məsələdə öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, sülh sazişinin imzalanması istiqamətində əlavə addımlar atılır: “Dövlətimizin başçısı Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək, öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla təmin etdiyini diqqətə çatdırdı. Hazırda iki ölkə arasında sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırmışdır, buna artıq ehtiyac duyulmur”.

Hüquq müdafiəçisi mətbuat konfransında Azərbaycanda media azadlığının təmin edilməsindən də söhbət açıldığını deyib. Qeyd edilib ki, Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını, guya, əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsizlik olardı. Xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. Çünki istənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycan istənilən digər ölkə kimi öz media məkanını xarici neqativ təsirdən qorumalıdır. Dövlətimizin başçısı

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa, yenidənqurma işləri barəsində də məlumat verib.

Ç. Qənizadə Prezident İlham Əliyevin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentindəki çıxışına da münasibət bildirib. Tədbir iştirakçılarına da bəlli olub ki, COP29-a evsahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Azərbaycan yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir. COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər