14 May 22:42
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibənin üçüncü ilində Rusiya lideri Vladimir Putin Ukraynada çox fərqli bir missiyaya nail olmaq üçün müdafiə nazirini əvəzlədi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Nəşr bildirir ki, Putin Rusiyanın Ukrayna və Qərb qarşısında qalib gələcəyinə əmindir, dəyişiklik də bundan irəli gəlir.

“Putin nəhayət başa düşdü ki, müharibə yeni mərhələyə, resurslar uğrunda mübarizə mərhələsinə qədəm qoyub. Söhbət kimdə daha çox olduğu və kimin tədarük zəncirlərini daha yaxşı təşkil etdiyi mübarizədən gedir”, - rusiyalı jurnalist Aleksey Venediktov deyib.

Putin yeni müdafiə naziri Andrey Belousova Rusiyanın 10.8 trilyon rubl (117.2 milyard dollar) həcmdə, rekord məbləğdə müdafiə xərclərinə nəzarət etməyi tapşırıb.

“Bu, Rusiyanın üstünlüyü əldə etdiyi məqamdır. Qoşunları Donbasın şərqində irəliləyir və Xarkov vilayətində sıçrayışla təhdid edir. Hücumun ortasında belə bir mühafizəkar dəyişikliyə getmək üçün çox arxayın olmaq lazımdır”, - rusiyalı politoloq Katerina Şulman bildirib.

Putinin hakimiyyətdəki kadr dəyişiklikləri Kremlin müharibədə qalib gəlmə yollarına dair strategiyası üçün əsas olduğunu göstərən amillərdən biridir. Amma nəşr yazır ki, Kremlin silah zavodlarının sutkada 24 saat işlədiyinə dair iddiasına baxmayaraq, son aylar Rusiyanın silah-sursat istehsalında ciddi boşluqlar görünür. Rusiyadan atılan mərmilərin intensivliyi hələ də Ukraynadan xeyli yüksək olsa da, müharibənin ilk altı ayında gündəlik 60 min mərmidən bu gün 10 minə düşüb.

Yüksək rütbəli Qərb rəsmilərindən biri söyləyib ki, əsas nəticə Rusiyanın hərbi-sənaye kompleksinin uzunmüddətli inkişafına sadiq olmasıdır.

“Şoyqu orduya özü rəhbərlik etmək istəyirdi, amma ambisiyaları buna mane oldu. Belousovun isə belə ambisiyası yoxdur”, - Kremlin keçmiş yüksək vəzifəli rəsmisi nəşrə bildirib.

Nəşr qeyd edir ki, Putin üçün daha mühüm motiv hər birinin öz klanları və ətrafı olan iki ağır çəkili ismin – Şoyqu və Təhlükəsizlik Şurasının katibi vəzifəsindən uzaqlaşdırılan Nikolay Patruşevi zəiflətmək istəyi ola bilərdi.

“Ola bilsin, hər ikisinin qaçılmaz post-Putin dövrü ilə bağlı planları vardı”, - Şulman əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər