15 May 15:54
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutmuş görüşün nəticələri ilə bağlı müsbət proqnozlar səslənir. Tərəflərin bir çox məsələlərdə fikir ayrılığı olsa da ümumi yanaşmalarda irəliləyişin olduğu açıqlanıb. Sözsüz ki, bu cür görüşlər yenə də keçiriləcək.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O qeyd edib ki, Ermənistan tərəfinin indiki durumda daxildəki vəziyyətin ağırlaşması ilə bağlı irəliyə doğru addım atmaq imkanları məhduddur:

“Qazaxın 4 kəndinin təhvil verilməsi ilə bağlı əldə edilən razılaşmadan sonra İrəvanın atacağı addımlar diqqətlə izlənilir. Nikol Paşinyan komandası mümkün qədər daxili təzyiqlər fonunda nəsə etmək istəyir. Hakimiyyətin son addımları ilə etirazlar da nəzarətə alınır. İndi sülh istiqamətində zəruri addım atmaq olar. Müharibə bitib, Azərbaycan sülh təklif edib. Bakının mövqeyi ondan ibarətdir ki, bölgədə sülh və əmin-amanlıq olsun”.

Partiya sədrinə görə, erməni tərəfinin sülh istiqamətində addım atacağı təqdirdə vəziyyət onun üçün də yaxşılaşa bilər:

“Ermənistanın da dünyaya çıxışı, bölgədə mövcud olan əməkdaşlıq imkanlarından yararlanması mümkündür. Bu olmayacaqsa, Ermənistan daxili problemlərdən xilas ola bilməyəcək”.

Asim Mollazadəyə görə, Ermənistanın sülh danışıqları ilə bağlı gözləntiləri və iddiaları fərqlidir:

“Hazırda Paşinyan iqtidarı da nə etdiyini ciddi şəkildə dərk etmir. Azərbaycanın isə əsas istəyi bölgədə kommunikasiyaların açılmasından ibarətdir. Sözsüz ki, bundan Ermənistan da bəhrələnə bilər. Əks halda İrəvan növbəti dəfə qapalı vəziyyətdə qalacaq. Azərbaycan isə Naxçıvana çıxış əldə etməklə türk dünyası üçün yolları açmaqda israrlıdır. Bunda isə hər kəs maraqlıdır”.


Müəllif: Tapdıq Qurbanlı