10 İyun 10:05
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xalqcebhesi.az-a istinadla Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Prezidentin Türkiyə səfəri zamanı ölkələr arasında ümumi bazarın yaradılması barədə hər hansı qərar qəbul oluna bilərmi?

- Mən bunu çox istəyərdim. Şuşa Bəyannaməsi ilə qardaşlıq əlaqələrimiz yeni bir mərhələyə qədəm qoyub. Növbəti addım ümumi bazarın yaradılması olmalıdır. Amma bu istiqamətdə çox iş görülməlidir. Belə bir qərarın qəbulu türk dövlətlərinin daha sıx inteqrasiyasına yol açardı. Türk dövlətləri Avrasiya məkanında Rusiya və İranın da qatıldığı Avropa Birliyi modelində ittifaq yaratmalıdır. Rusiyada 8 türk respublikası var, İranın isə əhalisinin yarısı türkdür. Bu ölkələr həm də böyük qonşularımız, ticarət, iqtisadi tərəfdaşlarımızdır, bizimlə tarixi, mədəni, humanitar əlaqələrə malikdirlər. Azərbaycan böyük layihələrin təşəbbüskarı kimi çıxış etməli, Türkiyə ilə bu istiqamətdə ilk addımlarını atmalıdır. Prezidentin vahid türk ailəsi ideyasını gündəmə gətirməsi düşünürəm bunun ideloji əsasının yaradılmasıdır. Belə bir ittifaqın yaradılması bölgənin təhlükəsizliyinə, iqtisadi inkişafına böyük töhfə vermiş olardı.

Səfər zamanı diqqət, düşünürəm daha çox Ermənistanla sülhün əldə olunması, təhlükəsizlik və nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinə yönəldiləcək. Türkiyə inkişafın yeni mərhələsinə qədəm qoyur, Konstitusiya islahatlarına hazırlaşır. Türk dövlətlərinə iqtisadi islahatların aparılmasında Türkiyənin verəcəyi dəstək onun həm regionda, həm dünyada nüfuzunu xeyli artıra bilərdi. Türkiyədən gözləntilərimiz böyükdür.

- İranda prezident seçkilərinin nəticələrindən gözləntiləriniz nədir?

- İranda dövlətin xarici siyasətini Ali dini lider müəyyən edir, prezidentlər icraçıdır. İranda prezidentin statusu bizim Baş nazirin statusu qədərdi. Ona görə də prezidentlərin dəyişməsi ilə xarici siyasətdə ciddi dəyişikliklərin baş verməsini gözləmirəm. Biz hər zaman İranla münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olmuşuq. İran da bunu istəyəcəksə, bu, xalqlarımız arasında sülhə və inkişafa xidmət edəcək.

- COP29-un iclasına qədər Ermənistanla sülhün imzalanmasını mümükün sayırsınızmı?

- Sülh sazişinin Türkiyə və Rusiyanın vasitəçiliyi ilə baş tutması və onlarla birgə imzalanması daha realdır və daha təminatlı olardı. Ermənistanda Rusiyanı inkar siyasəti sülhə töhfə vermir. Onlar bunu nə qədər tez anlasa, bölgəyə bir o qədər tez sülh gələr.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər