2 İyul 13:01
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkilərinə bu prosesdən öncə hazırlaşırdıq. İndi isə konkret işlər görülür, addımlar atılır. Artıq hazırlıq mərhələsi başa çatıb. Ötən gün 68 nəfərlik səlahiyyətli nümayəndə siyahısını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmişik.

Bunu Teleqraf.com-a AĞ Partiya başqanı Tural Abbaslı deyib.

O qeyd edib ki, seçkilərdə partiya kimi iştirak etməyin formaları mövcuddur:

“Əgər seçkidə partiya kimi iştirak edilirsə, namizədliyi səlahiyyətli nümayəndələr irəli sürür. Ona görə də, MSK-ya ilkin olaraq səlahiyyətli nümayəndələrin siyahısı, aidiyyatı sənədlər və onların razılıq ərizələri ilə birlikdə təqdim edilir. Daha sonra namizədlər dairələr üzrə müraciət edə bilir”.

Partiya sədri MSK-dan bir-iki günə səlahiyyətli nümayəndələrin sayına uyğun onlara vəsiqələrin veriləcəyini açıqlayıb:

“Beləliklə, AĞ Partiya dairələr üzrə öz namizədlərini irəli sürəcək. Sözsüz ki, səlahiyətli nümayəndə heç də namizəd demək deyil. O namizədlərin sənədlərini aidiyyatı üzrə dairələrə apara biləcək şəxslərdir. Amma bu o demək deyil ki, bizim partiyanın 68 namizədi olacaq. Çalışacağıq ki, seçkiyə daha çox namizədlə qatılaq. Hətta bu sayın az da olması mümkündür”.

Tural Abbaslı seçkiyə qatılmaqla bağlı özlərinin bəlli rəqəmlərinin olduğunu bildirib:

“Amma seçki sənədləri təqdim edilənə qədər dəqiq rəqəm söyləmək olmur. Çünki namizədlərin bəziləri fikirlərini dəyişə bilir və yaxud hansısa sənədləşmələrdə uyğunluq olmur və s. Ona görə də, dəqiq say olmasa da hədəfimiz daha çox dairədən namizəd irəli sürməkdir. Sözsüz ki, burada bizdən asılı olub-olmayan səbəblər də var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər