4 İyul 13:33
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Hindistan bir-biri ilə strateji tərəfdaşlığa can atsa da, Vaşinqtonla Dehli arasında mübahisə yaradan mövzular da var. Bunlardan biri dini etiqadla bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Birləşmiş Ştatlar administrasiyası Hindistan hakimiyyətini ölkədəki dini etiqad azadlığı ilə bağlı vəziyyətə görə sərt tənqid edib:

“ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentinin dünyada dini azadlıqlarla bağlı illik hesabatını təqdim edərkən Hindistan haqqında bunları deyib: “Hindistanda məzhəb əleyhinə qanunlar, nifrət nitqi, dini azlıqların nümayəndələrinin evləri və ibadət yerlərinin dağıdılmasının həyəcanverici artımını müşahidə edirik”.

Departamentin beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi tapşırıqlar səfiri Rəşad Hüseyn isə Hindistan polisinin fəaliyyətini bu sözlərlə tənqid edib: “Hindistan polisi aqressorları həbs etmək əvəzinə müxtəlif ittihamlarla xristian icmalarının nümayəndələrini saxlayırlar”.

Dehli Dövlət Departamentinin hesabatını kəskin tənqid edib, sənədin qərəzli olduğunu vurğulayıb. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Ranşir Cayişval ittihamları rədd etdiklərini, ABŞ-nin özündə daha ciddi problemlərin olduğunu iddia edib. Hindistan mətbuatında Birləşmiş Ştatları dövlət mexanizmləri ilə idarə olunan imperiyaya bənzədiblər.

Beləliklə, Vaşqinton bir sıra hallarda tərəfdaşlarını hesabatlarla incik salır, bu, ABŞ-yə xarici və təhlükəsizlik siyasətində əlavə problemlər yaradır. Çünki qərəzli adlandırılan bu hesabatlardan sonra Amerikanın tərəfdaşları xarici, o cümlədən təhlükəsizlik siyasətlərində alternativlər axtarmağa başlayırlar. Məsələn, Hindistan son illərdə BRİKS və Şanxay Əməkdaşlıq Çərçivəsində inteqrasiya proseslərinə marağını artırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu