4 İyul 09:05
12 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Sülh müqaviləsi ilə bağlı ABŞ-dən indiyədək görmədiyimiz fəallığı görürük, ölkə rəsmiləri az qala hər gün bu haqda danışırlar, Azərbaycanın ünvanına da xoş mesajlar var. Vaşinqtonun fəallığını necə şərh etmək olar?

- Seçkilərə qədər (noyabr) Baydenə xarici siyasətdə bir uğur göstərmək lazımdır. Görürlər ki, ən asan uğur əldə edə biləcəkləri məsələ Azərbaycan-Ermənistan münasibətləridir. Əslində, Azərbaycan və Ermənistan onlarsız da sülhə doğru böyük məsafə qət edib. İndi onlar çalışırlar ki, bulanıq suda balıq tutsunlar, buna görə də fəallıq göstərirlər. Amma məsələ budur ki, Azərbaycan prezidenti açıq şəkildə Ermənistan öz konstitusiyasını dəyişməyəcəyi halda sülh müqaviləsinin olmayacağını dedi. Ermənistan elədiyi pisliklərin əvəzinə Azərbaycan tərəfindən bu sərt tələbi eşidir.

Eyni zamanda, prezident əl yeri də qoydu, söylədi ki, ola bilsin, sülh müqaviləsi imzalanmasın, Ermənistan konstitusiyasının dəyişməsini gözləyək, amma o vaxta qədər iki dövlətin münasibətlərini tənzimləyən əsas meyarlar müəyyən edilə və bu çərçivədə ikitərəfli müqavilə paraflana bilər. Yəni Azərbaycan Amerikanı da incitmək istəmir, əvəzində nəsə verir.

- Yaxın günlərdə Vaşinqtonda baş tutacaq NATO sammiti çərçivəsində görüş mümkündürmü?

- Ola bilər, amma bu görüşün o qədər də əhəmiyyəti olmayacaq. Azərbaycanın da, Ermənistanın da, NATO dövlətlərinin də, ABŞ-nin də mövqeləri bəllidir.

- Sizcə, Azərbaycan NATO-nun sammitinə qatılacaqmı? Ümumiyyətlə, ABŞ niyə bizi bu sammitdə görmək istədi?

- Niyə də getməsin?! Azərbaycanla NATO arasında hərbi sahədə əməkdaşlıq var. Vaxtilə NATO ilə Rusiya arasında da belə bir əməkdaşlıq var idi. Hətta müharibəyə qədər ayrıca NATO-Rusiya Əməkdaşlıq Komitəsi vardı. Sonra Rusiya öz siyasəti ilə əməkdaşlıq imkanlarını dağıtdı.

Azərbaycanın NATO ilə düşmənçiliyi yoxdur, təlimlərdə iştirak edir, öz ordusunu alyansın standartlarına yaxınlaşdırır və onun təcrübəsini öyrənir. İndi də Azərbaycanı sammitə dəvət edirlər, Azərbaycanın da yüksək vəzifəli şəxsi orada iştirak edə və NATO ilə əməkdaşlığı davam etdirməyə hazır olduğumuzu bəyan edə bilər.

- ABŞ-nin əsas diqqəti Cənubi Qafqazdan keçən və gələcəkdə keçəcək nəqliyyat dəhlizlərindədir. Amerika rəsmilərinin son bütün açıqlamalarında bu mövzu yer alır. Bu artan maraq nədən irəli gəlir?

- Belə bir məsələ var: hansısa bir hərəkat və ya prosesin qarşısını ala bilmirsənsə, çalış, onun başında dur, sonra onu yönəlt. İndi Amerika görür ki, Orta dəhlizin qarşısını ala bilməyəcək, buna görə də özü qabağa düşməyə çalışır. Bu dəhliz də Mərkəzi Asiya ilə yanaşı, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyəyə də xeyirdir. Amerika arada bunun qarşısını almaq istədi, əvvəlcə Ermənistanda dedilər ki, Zəngəzurdan yol açma, Azərbaycana da bildirdilər ki, Ermənistandan yol çəkmək qeyri-mümkündür, buna razı olmayacaqlar.

Azərbaycan da soruşdu ki, sən kimsən, dünyanın o tərəfindən atıla-atıla gəlmisən ki, o olmaz, bu olmaz...

Tez səhvlərini başa düşdülər, geri çəkildilər. Obrayen bu dəfə gəlib dedi ki, bəli, Mərkəzi Asiyadan yol çəkilməlidir, Azərbaycan, Ermənistan və Türkiyə üzərindən Avropaya getməlidir, amma gərək Çin qarışmasın. Boş söhbətdir, necə yəni Çin qarışmasın?

Bütün bu işin məqsədi odur ki, Çin bu yolla irihəcmli yüklərini Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən daşıya bilsin. Bu tranzit xidmətləri sayəsində həm bu ölkələrin siyasi hörmətləri artacaq, həm də pul qazanacaqlar.

İndi Amerikanın Çini kənarlaşdırmaq istəyi boşdur. Vaxtilə Amerika digər dövlətlərdən güclü olanda hər sözü qanun kimi qəbul edilirdi. Amma Amerikanın indiki hakim zümrəsinin səviyyəsi görünür – Bayden, Tramp, o, bu, qərarların qəbulu, səmərəsizlik... Bəli, ABŞ hələ də güclü və varlı dövlətdir, amma digər ölkələr də öz mənafeləri və maraqlarını qorumağı, müdafiə etməyi öyrəniblər.

Azərbaycan hələlik Amerikanın məsləhətlərini dinləyir, buna görə təşəkkür edir, amma reallıqda öz maraqlarından çıxış edərək hərəkət edir.

- Qərb və ya ABŞ-nin artan fəallığı fonunda Rusiya gözə dəymir. Rusiya bölgə və oyundan çıxırmı?

- Başda Putin olmaqla, Kremlin hakim elitası öz məntiqsiz siyasəti ilə Rusiyanı hörmətdən saldı. Rusiya nüfuz və təsir imkanlarını itirib. İndi Rusiyanın oturub-durduğu ölkələr İranla Şimali Koreyadır. Putin boykot və təcrid rejimində yaşayır, heç kim onunla görşmək, qarşılaşmaq istəmir. Bu, Rusiyanın ağılsız daxili və xarici siyasətinin nəticəsidir.

İndi Putin SSRİ-nin süqutuna acıyır. SSRİ-ni kim dağıtdı: Elçibəylə Qamsaxurdiya? Yox! SSRİ-ni Kommunist Partiyanın Siyasi Bürosu və orada toplaşan əqidəsiz adamlar dağıtdılar. O dönəmdə ittifaq respublikalarında başlayan hərəkatlar SSRİ-yə heç nə edə bilməzdilər. Bunu Kremldə oturan xainlər elədilər.

SSRİ dağıldı, sonra 15 müstəqil dövlət yarandı. İndi bu dövlətlərlə insan kimi əlaqə qurmaq olardı? SSRİ dönəmində mövcud olmuş siyasi, mədəni, sosial və iqtisadi əlaqələri saxlamaq olardı? Olardı. Amma Rusiyanın hakim zümrəsi nə elədi? Rusiyanı yağmalamağa, tar-mar eləməyə girişdilər. Qısa müddətdə onlarla milyarder ortaya çıxdı. Bu milyarderlər Qərbdə özlərini mülklər, yaxtalar, qəsrlər aldılar, ailələrini də, məşuqələrini də ora apardılar. Sonra nə oldu? Rusiyanın cazibədarlığı itdi, qonşu dövlətlərin heç birinə örnək ola bilmədi.

Niyə belə bir ölkəyə meyl edək? Bəli, “qara camaat”, durumları aşağı olan insanlar alverə, işləməyə gedirlər, amma ümumilikdə Rusiya bir nümunə deyil. Qərb ölkələrində demokratiya, azadlıq, elm-təhsil var, Rusiyada heç nə yoxdur.

Bəli, Rusiyanın böyük təbii sərvətləri var, amma bunlar hakim zümrənin əlindədir, qonşu ölkələrə heç nə çatmır. Bu kapitalla Qazaxıstan, Ukrayna, Özbəkistan və digər qonşu ölkələrə girdilər, Azərbaycana da soxulmaq istədilər, amma Əliyev imkan vermədi. Azərbaycana geniş mənada rus kapitalının soxulmasına imkan yaradılmadı. İmkan vermədilər ki, rus kapitalı gəlib Azərbaycanı istismar eləsin.

Amma Ukraynaya soxuldular, sonra ukraynalılar ayağa qalxıb etiraz edəndə müharibə başladı. Belarusu da yağmaladılar, Qazaxıstana da xeyli giriblər, amma yavaş-yavaş oradan da çıxarırlar.

Bir sözlə, bu, Rusiyanın hakim zümrəsinin yanlış siyasətinin nəticəsidir. Bəli, sovet dönəmində Rusiyanın böyük hörməti var idi, hamı Moskvaya bir örnək, işıq mənbəyi kimi baxırdı, indi heç kim Rusiyadan yaxşı nəsə gözləmir, əksinə, çəkinərək baxırlar ki, birdən hücum edər, təxribat törədər. Bu, Rusiyanın öz günahıdır. Rusiya müsbət nümunə deyil, zor gücünə “xoş nümunə” olmağa çalışır.

Rusiya mənfi nümunədir, heç kim də ona yaxın durmaq istəmir. İndi Rusiya bizdən və Ermənistan niyə inciməlidir? Bizi bir-birimizə düşmən elədilər.

Rusiyanın hörmətini itirməsinin səbəbi Ukraynaya qarşı apardığı vəhşi müharibənin nəticəsidir. Rusiya Ukraynada qələbə qazansa belə, bir qəpik də hörməti olmayacaq. Kiyev, Berdyansk, Mariupol, Xerson, Xarkov və Zaporojeni bombalayanda nə fikirləşirdilər? Sevinirlər ki, Ukraynanı diz çökdürdük. Sən bir qardaş xalqı diz çökdürürərsən, bu, bir itkidir, siz əbədi düşmən olursunuz.

2013-cü ildə qədər Ukraynada aparılan bütün sorğularda “Ölkə NATO-ya üzv olmalıdırmı” sualına əhalinin 65 faizi “Yox” cavabını verirdi. Amma indi 80 faizi deyir ki, NATO-ya girməliyik. Bu, Rusiyanın siyasətinin nəticəsidir, yanlış siyasətdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər