VI çağırış Milli Məclisin deputatı olmuş, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Amerika Azərbaycanla Ermənistan arasında əldə ediləcək sülhdə nə dərəcədə maraqlıdır? Ağ evin bu istiqamətində ardıcıl təşəbbüsləri nəyə hesablanıb?
- Sadəcə olaraq ABŞ-də indi seçki prosesi gedir. Səs uğrunda hazırda mübarizə başlayıb. Ermənilərin səslərini demokratlar öz tərəflərinə çəkmək istəyir. Çünki ABŞ-də təkcə prezident deyil, Konqres və Senatın üçdə biri yenidən seçilir. Cozef Bayden administrasiyası ilə ermənilər çox yaxın olub. Qondarma soyqırımını tanıdığına görə, Baydenə minnətdarlıq edirdilər. İndi də deyirlər ki, II Qarabağ müharibəsinin qarşısını ala bilmədiz və Ermənistana lazımi köməklik etmədiz. Ona görə də, narazılıqlarını bildirirlər. Amerikanın isə indiki halda heç yerə əli çatmır. Əfqanıstandan qovuldular, Yaxın Şərqdə isə Amerikaya qulaq asan yoxdur. Nə “Həmas”, nə də Netanyahu (İsrailin baş naziri Benyamin Netanyahu) Ağ evi saya salır. Ukrayna məsələsini həll etməyə isə ABŞ-nin gücü çatmır. Məhz bu səbəblərdən də Azərbaycanla Ermənistan arasındakı sülh prosesində yer almaqla guya “bunu biz bacardıq” deməyə çalışırlar.
- Azərbaycanın sülhlə bağlı konkret şərtləri fonunda Amerikanın Ermənistana real təsirləri nədən ibarət ola bilər?
- Keçmiş “Madrid prinsipləri” də bir ara gündəmə gətirildi. Burada həmin şərtlərin paraflanmasından söhbət gedir. Faktiki olaraq bu gün danışıqlarda müəyyən irəliləyiş əldə edilib. Bu irəliləyişi fiksasiya etmək üçün çərçivə və yaxud digər buna oxşar sənəd əldə oluna bilər. “Madrid prinsipləri” çoxdan arxivə göndərilib. Amma danışıqlarda əldə edilmiş razılaşmları indiki halda paraflamaq mümkündür. Sənədi paraflamaq heç də qəbul etmək deyil. Sadəcə olaraq burada mətnə tərəflərin razılığı ifadə olunur. Bundan sonra həmin mətn ya qəbul edilir, ya da imtina olunur. Burada əlavə dəyişiklik təklif etmək artıq mümkün deyil.
- Sizcə əsas əngəl nə ilə bağlıdır? Maneələrin təkcə Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı olmadığı da bəllidir...
- Sözsüz ki, hələlik xeyli problem var. Sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı problemlər qalır. Zəngəzur dəhlizinin açılması ilə bağlı hələlik öhdəliklər icra edilməyib. Hətta Qarabağ ermənilərinin geri qaytarılması iddiaları da ortaya atılır. Azərbaycanın isə burada əsas prinsipləri var. Burada əsas amil əhalinin qarşılıqlı olaraq qaytarılmasından söhbət gedə bilər. Vaxtilə Ermənistan ərazisindən qovulmuş Azərbaycanlıların geri dönüşü təmin olunmalıdır. Bu halda Qarabağda yaşamış ermənilərin Azərbaycanın müəyyən edəcəyi şərtlərlə geri dönüşü mümkün ola bilər.
- Zəngəzur dəhlizinin açılması istiqamətində son dövrlər Amerikanın vermiş olduğu bəyanatlarda əsas vurğu nəyin üzərində qurulub?
- Ağ ev burada daha çox şirnikləndirici mövqedən çıxış edir. Çünki bölgəyə əliboş gəlmək istəmir. Onlar da bilir ki, dəhliz məsələsində Azərbaycanın və Türkiyənin tələbi var. Ona görə də, Türkiyə ilə də ciddi işləyirlər ki, Ankara İrəvanla diplomatik əlaqələri bərpa etsin və sərhədləri açsın. Əslində isə Zəngəzur dəhlizinin açılmasını Rusiya və Çin də dəstəkləyir. Amma hələlik ortada bir nəticə yoxdur. Azərbaycan gələn il dəmir yolu xəttini sərhəddə qədər gətirib çıxaracaq. Erməni tərəfi isə öz ərazisindən keçən xətti hələlik heç layihələndirməyib.