4 İyul 16:33
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Qarabağ müharibəsindən sonra ərazimizdə müvəqqəti olaraq yerləşdirilmiş rus sülhməramlıları vaxtından əvvəl bölgəni tərk etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra erməni əhalinin bölgədən könüllü şəkildə çıxması fonunda sülhməramlılara da ehtiyac qalmamışdı. Beləliklə, sülhməramlıların 2020-ci ilin noyabrında yerləşdikləri ərazilərdə, eyni zamanda iqamətgah kimi istifadə etdikləri Xocalı aeroportunda artıq heç bir kənar qüvvə yoxdur.

Bunu Teleqraf.com-a Milli Məclisin VI çağırış deputatı olmuş Elman Məmmədov deyib.

“Xocalı aeroportunun bundan sonrakı fəaliyyəti ilə bağlı fərqli fikirlər var. Amma yaxşı olardı ki, Xocalı aeroportunda aparılacaq yenidənqurma işlərindən sonra onun beynəlxalq statusda fəaliyyəti bərpa olunsun. Orada elə işlər görüləcək ki, uzun illər kök salmış separatizmin ab-havası tamamilə yox olacaq”, - deyə o əlavə edib.

Elman Məmmədov Xocalı aeroportunun yaddaşlarımızda fərqli bir obrazda qaldığını söyləyib:

“AN 2 təyyarələri buradan uçurdu. Biz ona tək qanad, cüt qanad təyyarələr deyirdik. Onu hətta “kukruzniklər” də adlandırırdılar. Bakı-Xocalı, Xocalıdan da Cermuxa (Ermənistan) uçuşlar edilirdi. İlk dəfə 1975-ci ildə Xocalı aeroportunda müasir tipli uçuş zolağı yaradılmışdı. YAK 40 təyyarələri oradan artıq uçuş edirdi. Bakı-Xocalı, İrəvan-Xocalı reysləri həyata keçirilirdi. Həmin vaxt aeroportun açılışına mərhum bəstəkarımız Maestro Niyazı (Bəstəkar, drijor Niyazı Hacıbəyov) gəlmişdi. Biz də o vaxt açılışa qatılmışdıq. Həmin açılış vaxtı da ermənilər təxribat törətdilər. Gevorkov (Boris Gevorkov keçmiş Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi 1973–1988) ətrafında üç-dörd nəfərlə həmin vaxt ora gəlməklə aeroportun təntənəli açılışına mane oldu. Niyazı də elə YAK 40 təyyarəsi ilə geriyə qayıtdı. Yadımdadır o vaxt Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş ulu öndər Heydər Əliyev Gevorkova həmin təxribata görə partiya cəzası vermişdi”.


Müəllif: Tapdıq Qurbanlı