Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə məsələnin həlli ilə bağlı müxtəlif prinsiplər irəli sürülürdü. “Madrid prinsipləri” də həmin həll variantlarından biri idi. Burada Ermənistanın işğalda saxladığı 7 rayonun Azərbaycana qaytarılması qrafiki əks olunurdu. Bu, ilk olaraq 5 rayonun təhvil verilməsinin ardınca Laçın və Kəlbəcərin təhvil verilməsini ehtiva edirdi.
Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, erməni tərəfi əslində burada Laçın və Kəlbəcər məsələsində israr edirdi:
“Hətta erməni tərəfi həmin rayonların 10 il ərzində qaytarılmasını iddia edirdi. Azərbaycan isə burada maksimum bir il müddətin verilməsinin tərəfdarı idi. Daha sonra Ermənistan 3 il ərzində hər iki rayonun təhvil verilməsindən danışırdı. Bütün bunlar həmin dövr üçün müzakirə mövzusu olub. Amma Qarabağda qalacaq ermənilər Azərbaycanın suverenliyi daxilində yaşayacaqdı. Çünki ərazi bütövlüyü prinsipi qəbul edilmişdi”.
Sabiq nazir hesab edir ki, “Madrid pinsipinin” əsas mahiyyəti “Kosovo variantı”nın baş tutmaması üçün idi:
“Çünki qərb ölkələri Kosovanın müstəqilliyini tanımağa başlamışdılar. O zaman belə bir təhlükə Qarabağ üçün də yaranmışdı. Az qala məcburi şəkildə bunu qəbul edirik kimi diplomatik təzyiq vardı. Serbiyanın ərazi bütövlüyü ilə bağlı BMT qətnaməsinin olmasına baxmayaraq, Kosovanın müstəqilliyini tanımışdılar. Bütün bunlara baxmayaraq Azərbaycanın diplomatik gedişləri ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü birmənalı olaraq tanındı”.
Elmar Məmmədyarova görə artıq “Madrid Prinsipləri" tarixə qovuşub:
“Sonuncu arqument rus sülhməramlıları idi. Amma bölgədən erməni əhali çıxdığı üçün artıq onlara da ehtiyac qalmamışdı. Ona görə də, “Madrid prinsipləri” gələcək diplomatların elmi işlərində istifadə oluna bilər. Azərbaycanın sülhlə bağlı əsas tələbi Ermənistan konstitusiyasında və digər hüquqi aktlarında olan əsassız iddialarla bağlıdır. Bu iddialar aradan qalxmayınca sülh sazişinin ciddiliyindən danışmaq olmaz”.