Teleqraf.com Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalcebhesi.az saytına verdiyi müsahibəsini təqdim edir.
- Qüdrət bəy, daha bir polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Allah rəhmət eləsin. Mərhumun yaxınlarına, DİN əməkdaşlarına dərin hüznlə başsağlığı verirəm. Son vaxtlar siyasi məqsədlərlə polisin gözdən salınması, ictimaiyyət arasında ona qarşı nifrət aşılanması, polisə müqavimət göstərilməsi istiqamətində xaricdən aparılan sistemli iş daha da gücləndirilib.
Bu vəziyyət cinayətkarların polisə müqavimət göstrəməsi hallarının artmasına təsir edir. Siyasi partiyalar, media, qeyri-hökumət təşkilatları polisə ciddi ictimai dəstək verməlidirlər. Düşünürəm polis əməkdaşları da öz fəaliyyətlərində bunu nəzərə almalıdırlar.
Hava isti olsa da onlar qoruyucu gödəkçələr geyinməli, üzərlərində silah, radioəlaqə, qandal olmalı, tək gəzməməli, kömək gələnə qədər silahlı olan və müqavimət göstərə biləcək şəxsi həbs etməyə cəhd etməməlidirlər. İnsan həyatı hər şeydən dəyərlidir. Vətəndaşlarımız da zəruri müdafiə halları istisna olmaqla cinayət törətmiş silahlı şəxsləri saxlamağa, zərəsizləşdirməyə səy göstərməməli, polis çağırmalıdırlar.
Hesab edirəm, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilməli, polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir.