Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Uzun müddətdən sonra ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirildi. Danışıqların ikitərəfli formada davam etdiyi vaxtda Vaşinqton niyə prosesə vasitəçi kimi daxil olmaq istəyir?
- Amerika klassik vasitəçi rolunu oynamaq istəyir. Amerikanın nöqteyi-nəzərinə görə, sülh müqaviləsi onun vasitəçiliyi ilə imzalanmalıdır. Vaxtilə ABŞ-nin vasitəçiliyi ilə Kemp-Devid, Deyton və Oslo sazişləri imzalanıb. Bunlar birbaşa ABŞ-nin iştirakıyla əldə edilmişdi. Bu da Amerikanın ənənəvi diplomatiyasından irəli gələn təklifdir. Biz bunu istəmirik. Biz danışıqların ikitərəfli formada davam etməsini və finişə çatmasını istəyirik. Azərbaycan sülh müqaviləsini Ermənistanla birbaşa danışıqlar nəticəsində ərsəyə gələcək sənəd kimi görür. Amma biz Amerikanın da sözünü yerə salmayıb onun vasitəçiliyi ilə keçirilən görüşlərə gedirik, hər halda ABŞ bir supergücdür. Üstəgəl, Ermənistan Amerikanın sözü ilə oturub-durur. Biz bunları nəzərə alaraq təklifi qəbul elədik.
Bütün hallarda, bizim mövqeyimiz budur ki, sülh müqaviləsində üçüncü tərəf və onun maraqları olmamalıdır. Azərbaycan məsələyə bir qədər fərqli yanaşır. İstədilər, görüşdük, fikir mübadiləsi apardıq, olsun. Ortada fikir ayrılıqları da var. İndi Amerika bu fikir ayrılığını aradan qaldıra biləcəkmi? Ermənistanın qarşısına konkret məsələ qoymuşuq ki, sülh müqaviləsi istəyirsə, konstitusiyasını dəyişdirməlidir. Ermənistan bunu istəmir. ABŞ buna görə Ermənistana təsir edə bilər, ya yox? Çox güman ki. təsir göstərmək niyyətində deyil, məsələ budur.
- ABŞ sülhdən danışsa da, Ermənistanla hərbi sahədə sıxlaşan təmasları da nəzərdən qaçmır. Hətta qarşıdakı günlərdə birgə ABŞ-Ermənistan təlimləri də keçiriləcək. Bu durumu necə izah etmək olar?
- Ermənistan aşkar şəkildə Qərb və ya Amerika istiqamətində addımlar atır. İrəvanın bu siyasətinin davam edəcəyini düşünürəm. Aprelin 5-də ABŞ, Avropa Birliyi və Ermənistan bir sənəd imzalayıb. Ermənistan bu anlaşma əsasında Avropa Birliyinə inteqrasiyanı təmin edir. Yəni baş verənlər planlaşdırılmış şəkildə gedir. Hazırda həmin sənədin müddəalarının reallaşdığını görürük.
- ABŞ-nin Zəngəzura artan marağı da gündəmdədir, Amerika siyasilərindən bu yöndə tez-tez açıqlamaların gəldiyini görürük. Hətta ABŞ səfirliyi ilk dəfə Qafanda Müstəqillik Günü tədbiri keçirdi. Niyə bölgə birdən-birə Amerikanı özünə cəlb etməyə başlayıb?
- Yeri gəlmişkən, Ceyms Obrayen Bakıya səfərindən öncə demişdi ki, ABŞ Orta dəhlizin Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa ilə birləşdirməsində maraqlıdır, marşrutlardan biri də Azərbaycan-Ermənistan-Türkiyə xətti ilə keçsin. Bunu onu görə edirlər ki, Gürcüstanla münasibətlər pozulub, bu və digər səbəblərdən Orta dəhlizə alternativ fikirləşirlər. ABŞ bununla bölgədə həm nüfuzunu artırmaq, həm də Ermənistandan keçəcək xətlərə nəzarət etmək istəyir.
Ötən il ABŞ gömrükçüləri Ermənistana səfər eləmiş və təlimlər keçirmişdilər. Bu il də belə bir səfər olub. Hətta saziş imzalanıb, bunun əsasında ABŞ-nin gömrük sahəsi üzrə mütəxəssisləri erməni həmkarlarına treninq keçəcəklər və Ermənistanın gömrük sisteminin rəqəmsallaşdırılmasında iştirak edəcəklər. Bütün bunlar Amerikanın bölgədə tranzit prosesinə nəzarət etmək məqsədindən irəli gəlir.
- Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iddia edir ki, Avropa Birliyinin Ermənistandakı mülki missiyası Azərbaycan, Rusiya, Türkiyə və İran əleyhinə kəşfiyyat məlumatları toplaqmala məşğuldur. Bu, region ölkələrini Qərblə üz-üzə qoymağa hesablanmış açıqlamadır, ya həqiqətdən də Qaluzinin dediyi kimi, ruslar əllərindəki əsaslarla danışırlar?
- Biz də deyirik ki, sərhəddə yerləşən Avropa Birliyi missiyası kəşfiyyat tipli məlumatların toplanması ilə məşğuldur. İran da bunu deyir. Demək, əsaslar var ki, bu cür ifadələr səsləndirilir. Əks halda, bu missiyanın regionda fəaliyyət göstərməkdə hansı marağı ola bilər, niyə bura gəliblər? Ermənistan-Azərbaycan sərhədində nə işləri var, nəyə nəzarət edirlər? Bu suallara açıq cavab yoxdur. İddia edirdilər ki, guya Azərbaycan Ermənistana hücum edəcək, ərazilərini ələ keçirəcək və sair. Yaxşı, deyək ki, oldu, bəs missiya bunun qarşısını necə alacaq?
Avropa Birliyi missiyası ilə bağlı müəammalar çoxdur. Bu missiyasının praktiki əhəmiyyəti yoxdur, sıfır dərəcəsindədir. Hətta sərhəddə insidentlər baş verəndə missiya öz acizliyini göstərdi. İnsidentlərin qarşısının alınmasında heç bir rol oynamadılar, Ermənistanı bu kimi təxribatlardan çəkindirmədilər. Buna görə düşünmək olar ki, məqsədləri tam fərqlidir. Bu məqsədlər də açıqlanmır, ona görə də belə ehtimallar səsləndirilir.
Ermənistanın Azərbaycanla sərhədi həm də KTMT-nin sərhədi sayılır. Moskvanı da qıcıqlandıran odur ki, Rusiyaya düşmən olan NATO ölkələri bu missiya ilə KTMT sərhədində yerləşiblər.
- Qərblə Rusiya arasında Ermənistan üzərində qızışan geosiyasi rəqabət hansı nəticə ilə yekunlaşacaq?
- Müxtəlif güclər tərəfindən geosiyasi layihələr həyata keçirilir. Açıq deyilir ki, Ukrayna həmin layihələrin tərkib hissəsidir. İndi Ermənistan bu layihələrdə aktiv rol oynasa, çox təhlükəli oyuna girmiş olacaq. Bu, regiona gərginlik gətirəcək, qeyri-regional oyunçuların bölgədə maraqları toqquşacaq. Tarixi təcrübə göstərir ki, bu kimi durumlar həmişə müharibələrlə nəticələnir. Biz belə bir vəziyyət istəmirik. Amma təəssüf ki, bu oyun gedir.
Fransanın da rolunu qeyd etmək lazımdır. Fransa da Ermənistanı silahlandırır, orada öz mövcudluğunu möhkəmləndirir. Rusiya Ermənistandakı durumdan narahatdır. ABŞ də öz oyununu oynayır. Aşkar şəkildə bölgədə regiondankənar qüvvələrin iştirakı ilə maraq toqquşmalarını görürük. Çinin də maraqlarını nəzər alsaq, görərik ki, region müxtəlif güclərin arasında qalıb. Gürcüstan hakimiyyəti bu oyunu görür, buna görə də aralı dayanmaq istəyir. Amma Ermənistan bu oyunda fəaldır, ya da oynamaq istəyir. Buna görə də, Ermənistan ətrafında və onun xarici siyasəti ilə bağlı vəziyyət müəmmalı olaraq qalır və proseslərin proqnozlaşdırıla bilən istiqamətdə getməsinə maneələr yaradır.
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.