29 İyul 12:30
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda minimum əməkhaqqı səviyyəsi ilə bağlı müxtəlif yanaşmalar var. Minimum əməkhaqqının hesablanması zamanı dürüstləşdirilmiş parametrlərdən istifadə edilmir. Ona görə də, ölkəmizdə minimum əməkhaqqı dünya üzrə qəbul edilmiş orta göstəricidən xeyli aşağıdır.

Bunu Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.

O qeyd edib ki, şərtlərə görə, minimum əməkhaqqı orta aylıq əməkhaqqının təxminən 65 faizi səviyyəsində müəyyən edilir:

“Burada əsas məqsəd sosial ədalət və gəlirlərin proporsionallığının təmin edilməsidir. Azərbaycanda isə bu göstərici təxminən 35 faizdir”.

İqtisadçı hesab edir ki, istehlak səbətinin strukturunun düzgün olmaması, yenilənməməsi, keyfiyyət parametrlərinin və qiymətin daxil edilməməsi ehtiyac meyarının səviyyəsinə təsir göstərir:

“Nəticədə bu, minimum əməkhaqqının daha aşağı səviyyədə müəyyən edilməsinə gətirib çıxarır. Hazırda Azərbaycanda bir çalışan şəxs orta hesabla 2,2 nəfərə baxır. Çünki əhalinin sayı 10 milyondan artıqdır. 4 milyon 800 min nəfər isə məşğul insan var. Bu aspektdən Azərbaycanda minimum əməkhaqqı səviyyəsi təxminən 600 manat ətrafına çatdırılmalıdır”.

Ekspert burada hökumətin elan etdiyi orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılması hədəfinin nəzərə alınmasının əsas olduğunu söyləyib:

“Orta əməkhaqqının hazırda 988 manat olduğunu nəzərə alsaq, minimum əməkhaqqının 600 manata yaxın səviyyədə müəyyənləşməsi mümkündür. Ehtimal edilir ki, 2025-ci ilin əvvəlində minimum əməkhaqqı da daxil olmaqla müəyyən sosial parametrlər üzrə artım qərarları qəbul ediləcək. Bu zaman da böyük ehtimalla 2023-cü ilin göstəricisi nəzərə alınmayacaq. 2023-cü ilin 8,8 faiz inflyasiya göstəricisi və 2024-cü ilin infyasiya səviyyəsi əsas götürüləcək. Bu da 12-15 faiz səviyyəsində minimum əməkhaqqının artması və təxminən 400 manata çatdırılmasına ehtimal yaradır. Bu göstərici əslində 600 manat ətrafında olmalıdır ki, mövcud qiymətlərə, inflyasiya səviyyəsinə və rifah göstəricilərinə uyğun olsun”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər