Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsinin böyük hissəsi artıq razılaşdırılıb, finişə çatmaq üçün siyasi iradə lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
Onun sözlərinə görə, tərəflər yekun razılaşmaya yaxındırlar.
“Sülh sazişi və onun gələcək icrası regionda vəziyyəti kökündən dəyişəcək. Düşünürəm ki, liderlər də bu nöqteyi-nəzərdədir və bu məsələ ilə bağlı yekun razılığın əldə olunması üçün bütün lazımi səyləri göstərəcəklər”, - Klaar bildirib.
Eyni zamanda, o, prosesin hələ də həssas olduğunu qeyd edib. Buna sübutlardan biri kimi bu yaxınlarda Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin sammiti zamanı Azərbaycan və Ermənistan liderlərinin görüşə bilməməsini göstərib.
İki ölkə arasında yeni yüksək səviyyəli görüşlərə gəlincə, Klaar vurğulayıb ki, tərəflər bu məsələni həll edərkən AB yenidən vasitəçi rolunu öz üzərinə götürməyə hazırdır.