27 Sentyabr 15:38
4 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ" "Tottenhem"ə qarşı əslində çox yaxşı oynadı. 3:0 uduzmasına baxmayaraq, meydanda tökülən deyil, mübarizə aparan komanda gördük. Görünür ki, tıxacda qalmağın stresi də oyunçulara təsirini göstərmişdi. Komanda oyun öncəsi bu cür stres yaşamamalıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

"Axşamkı oyunu hesaba görə qiymətləndirməməliyik. “Tottenhem” təbii ki, güclü komandadır. Amma şərtlər oyunun başlanğıcında komandamızın xeyrinə dəyişdi. Rəqibin bir futbolçusu qırmızı vərəqə alıb oyundan çıxarıldı”, - deyə o əlavə edib.

Millət vəkili Toral Bayramovun penaltini vura bilməməsi ilə bağlı da fikir bildirib:

“Üzündən də görünürdü ki, həyəcanlıdır. Soyuqqanlı şəkildə topu qapıya vurmaq olardı. Penalti adətən texnikalı oyunçuya həvalə edilir. Toral əzmkar oyunçudur. Dünən də yaxşı oynadı. Bir epizodda topu Juninyoya (Olavio Juninyoya) ata bilmədi. Topu itirdi. Halbuki təkbətək çıxmışdı. Əlverişli variant seçə bilərdi. Elvin Cəfərquliyev də fədakarlıq etdi. Xeyli topları cinahlardan qaldırdı. Sadəcə komandanın qol vurmaq texnikası yetərli olmadı”.

Partiya sədri bildirib ki, “Tottenhem” kimi komandalar belə oyunlarda minimum iki-üç qol vurur:

“Onların mexanizmi belə işləyir. "Qarabağ"ın da ən azı 3-4 qol vurmaq şansını boşuna xərcləyəndə, nəticə təəssüflər ki, belə (3:0) olur. Axşamkı oyunda “Qarabağ” 3-ü dəyişə bilməsə də, sıfırını dəyişmək imkanına sahib idi. Görünür, qol vurma anında həyəcan, stres təsir göstərdi. Oyunçuların texniki qabiliyyəti qol vurmaq üçün xeyli problemlər yaşatdı. Ümumilikdə isə “Qarabağ”ın komanda kimi oyununu çox bəyəndim”.

Fazil Mustafa hesab edir ki, Azərbaycan kimi futbolun o qədər də inkişaf etmədiyi bir ölkənin komandası “Tottenhem”lə baş-başa oynaya bilirsə və 10-dan artıq qol epizodu yaradırsa, bu önəmli amildir:

“Hətta bir neçə epizodda ev sahibi komandanın qapıçısı böyük möcüzə gerçəkləşdirdi. Elvin Cəfərquliyevin zərbəsi bunlardan biri idi ki, qapıçı inanılmaz qurtarış etdi. Çünki onun zərbəsini qaytarmaq asan deyildi. Ondan başqa da həmin tərzdə olan zərbələri rəqib qapıçı qaytara bildi. Ona görə də, burada müəyyən şans amillərini də qeyd edə bilərik. Hər halda komanda olaraq qol vurmağa daha hazırlıqlı olmaq lazımdır”.

Qeyd edək ki, ötən gecə Londonda "Tottenhem Hotspur" stadionunda keçirilən UEFA Avropa liqa mərhələsinin I turunda "Qarabağ" "Tottenhem"ə 3:0 hesabı ilə məğlub olub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər