Azərbaycan Prezidenti İlham Əliyev ABŞ və Ermənistanın siyasi oyununu pozub.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“ABŞ-ın Azərbaycanı sanksiyalarla təhdid etməsində əsas məqsədi Bakını İrəvanla aralıq və ya yarımçıq sülh sazişini imzalamağa məcbur etməkdir. Bunun arxasında da ABŞ dövlət katibi Entoni Blinken durur. Amerikanın baş diplomatı bununla bağlı Nikol Paşinyanı razı sala bilib. Bayden administrasiyası yarımçıq sülh müqaviləsinin bağlanmasına ona görə tələsir ki, seçki öncəsi seçicilərinə xarici siyasətdə bir “uğur hekayəsi” göstərə bilsin”, - ekspert qeyd edib.
Məhəmməd Əsədullazadənin fikrincə, yarımçıq sülh mətni bu baxımdan ABŞ hökuməti ilə yanaşı, Paşinyanın da daxili siyasi maraqlarına cavab verir:
“Hər ikisi daxildə siyasi reytinqləri kifayət qədər yüksəltməyi planlayır. Ağ Evin hədəfi seçicilərdisə, Paşinyan bununla opponentlərinə göstərmək istəyəcək ki, baxın, Bakının əsas tələblərinin yer almadığı sazişi imzalatdıra bildim. Prezident İlham Əliyev bu məqsədləri gördü və Blinkenlə Paşinyanın oyununu pozdu.
Bakı yarımçıq müqavilədə maraqlı deyil. Sənədin bu şəkildə imzalanması Ermənistana ərazi iddialarını davam etdirməyə imkan verəcək. Bu, potensial münaqişə deməkdir. Əliyev Azərbaycanın milli maraqlarını üstün tutaraq, regionda dayanaqlı sülhün əldə edilməsi üçün yekun sülh müqaviləsinin bağlanmasını şərt və tələb kimi irəli sürür.
İlham Əliyev MDB sammiti çərçivəsində Paşinyandan fərqli olaraq, Rusiya jurnalistlərinin sualına da cavab olaraq vurğuladı ki, sülh müqaviləsi mətn tam razılaşdırıldıqdan sonra imzalanacaq. Doğru olan budur”.