Azərbaycan Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri yadda qalan olub. Bu bir reallıqdır ki, Azərbaycan Rusiya əlaqələri çoxəsrlik tarixə əsaslanır. Məhz bu əsaslar üzərində qurulan münasibətlər hazırda dinamik inkişafa malikdir. Məhz bu konteksdə Azərbaycan Prezidentinin Rusiyaya, Rusiya Federasiyasının Prezidentinin isə ölkəmizə səfərləri hər zaman böyük maraqla qarşılanır. Prezident İlham Əliyev həmçinin MDB Dövlət Başçıları Şurasının iclasında Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirdiyindən, balanslaşdırılmış xarici siyasət kursunu uğurla həyata keçirməsindən bəhs edib.
Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqi olduğunu bildirib:
“Bu konteksdə iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcək münasibətlər üçün mühüm amil olduğu önə çəkilib. Cənab Prezident həmçinin Emoməli Şərifoviç Rəhmona Tacikistan Respublikasının növbəti il MDB-də sədrliyində uğurlar arzulayıb. Eyni zamanda MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin xüsusi önəminə toxunulub. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri olub. Şəhər ermənilər tərəfindən demək olar ki, tamamilə dağıdılmışdı. Artıq öz azadlığına qovuşan Laçın şəhəri bərpa olunub. Laçında artıq yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər öz evlərinə qayıdıblar. Bu mənada Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanıb. Ölkəmizin başçısı çıxışında məhz bu amillərə diqqət çəkərək Azərbaycanın tərəfdaş ölkələrlə hər zaman yüksək münasibətlər qurduğunu vurğulayıb. Sözsüz ki, növbəti il Azərbaycanda III MDB Oyunlarının keçirilməsi mühüm önəm kəsb edir. III MDB idman yarışlarının Gəncə şəhəri ilə yanaşı Azərbaycanın 10-dan çox şəhərində keçirilməsinin əhəmiyyətindən bəhs olunub”.
Eldar Quliyev vurğulayıb ki, ölkəmizin başçısı həmçinin bir aydan sonra Bakıda keçiriləcək böyük beynəlxalq tədbir olan COP29 iqlim konfransı ilə bağlı da görülən işləri dövlət başçılarının diqqətinə çatdırıb:
“Azərbaycanın məhz 200-ə yaxın ölkənin dəstəyi ilə bu konfransa ev sahibliyinin ölkəmizə olan yüksək hörmət və ehtiramın bariz nümunəsi olduğu qeyd edilib. Ölkəmizin başçısı eyni zamanda MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti ilə bağlı da fikirlərini bölüşüb. Azərbaycan bu ümumi qələbəyə vermiş olduğu töhfələrdən bəhs olunub. Azərbaycanlıların da bu qələbədə böyük qəhrəmanlıq və sucaət göstərdiyi qeyd edilib. Bu mənada 9 May Qələbəsi MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amili kimi qiymətləndirilib. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir. Sözsüz ki, ölkəmiz bundan sonra da qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsi üçün öz töhfəsini verəcək. Prezident İlham Əliyev səfər zamanı “Rossiya-1” televiziya kanalına müsahibəsində vacib mesajlar verib. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına toxunulub. Bu xüsusda ABŞ-ın ölkəmizə qarşı əsassız sanksiyalarının mahiyyətindən bəhs edilib. Təbii ki, bu əsassız sanksiyalar qeyri-qanuni və əsassızdır. Daha çox Amerikada uzun on illiklər lövbər salmış artıq bu ölkənin siyasi sisteminə nüfuz etmiş erməni lobbisinin növbəti məkirli planıdır. Azərbaycan haqlı olduğu halda ABŞ konqresinin bu kimi məsələlər üzərindən qarayaxma kampaniyası aparmasının yolverilməzliyi qeyd edilib”.