COVID-19 virusunun omikron variantı əhalinin böyük qismini yoluxdurdu. Virusun bu növünə “yoluxmadım” deyən az adam qalar.
Bunu Teleqraf.com-a açıqlamasında həkim-professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, omikron ştamına yoluxma yüsək olsa da, ağciyərlərin zədələnməsi, buzlu şüşə sindromu kimi əlamətlərə çox az rast gəlinib: “Eyni zamanda, bu ştamda ölüm halları da az qeydə alındı. Nəzərə alaq ki, xəstəxanalarda yatan, delta ştamı ilə müalicə olunan, müxtəlif ağırlaşmalarla üzləşən xəstələr birbaşa omikron variantına aid edilə bilməz. Omikron variantının göstərdiyi performans ondan ibarət oldu ki, yoluxma sayı həddindən artıq çoxaldı. Vaksin olunan, immuniteti güclü olan əksər adam xəstələndi və böyük qismi də sağaldı.
Bu mutasiyada ölüm hallarının azlığı sevindirici haldır, virusun zəifləməsini göstərir. Virusun daha sonra hansı davranışı sərgiləyəcəyini proqnozlaşdıra bilmərik”.
Professorun fikrincə, qarşıdakı aylarda pandemiya səngiyəcək: “Vaksinasiya sürətləndirilməlidir. Bu, kollektiv immunitetin yaranmasında çox mühüm rol oynayır. Nəzərə alsaq ki, xeyli insan xəstələnib, sağalanlar var ki, onların da immuniteti formalaşıb. Bu baxımdan gələcəkdə vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümidlər çoxdur. Hesab edirəm ki, yoluxma sayında tədricən azalma müşahidə olunacaq. Fevral ayının sonuna kimi omikron dalğası sönməyə doğru görəcək”.
Adil Qeybulla bildirib ki, virusun yeni variantı qeydə alına bilər: “Buna görə də növbəti dalğaları gözləyirik. İnsanların vaksinasiyası bu mübarizədə bizə dəstəkdir. Orqanizm virusa qarşı silahlanıb. İnsanlar təşvişə düşmədən karantin tədbirlərinə riayət etməlidirlər.
Vətəndaşların buster doza vurdurması üçün şərti müddət 6 ay qoyulub. İşləyən şəxslər, insanlarla kütləvi təmasda olan şəxslərin vaksiansiyası icbari xarakter daşımaqdadır. Vaksinsiz, buster dozasız insanların işə buraxılmaması məsələsi ortaya çıxıb. Doğrudur, yoluxmanın qarşsıını almağa tam nail olmaq olmur. Amma vaksinasiya məsuliyyəti artırır.
Hesab edirəm ki, insanlar bir daha əmin oldular ki, vaksinasiya ən təhlükəsiz qorunma metodurur. Vaksin olmasaydı daha böyük təhlükələrlə üzləşə bilərdik. Vaksin olunsaq da, özümüzü qorumalıyıq. Çünki ağır xəstəlik keçirən insanlarda postkovid dovründə də hansı xəstəliklərin ortaya çıxması müzakirə mövzusudur.
Mən sərt karantinin tərəfdarı deyiləm. Vaksinasiya aparılır, yoluxaraq immunitet əldı olunur. Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət xeyli qənaətbəxşdir. Tövsiyə edirəm ki, xəsəlikdən sağalan şəxslər sağaldıqdan sonrakı dövrdə də diqqətli olsunlar”.