Son günlər uşaqlar və böyüklər arasında yayılan, səsbatma ilə müşayiət olunan xəstəlik qrip deyil, kəskin yoluxucu virus infeksiyalarından biridir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.
Onun sözlərinə görə, virusa yoluxan insanlarda əsasən kəskin bronxit əlamətləri, bəlğəmli öskürək müşahidə edilir: "Yüngül zökəm, boğaz ağrısı ilə başlayan infeksiya birgünlük burun axıntısı ilə davam edir və xəstəlik tədricən inkişaf edir. Hazırda yayılan infeksiyaya yoluxan insanlarda halsızlıq, qızdırma əlamətləri görülmür. Xəstənin hansı virusa yoluxduğunu müəyyən etmək üçün gərək həmin şəxs müayinə olunsun. Bu, paraqrip virusu, adenovirus, hətta rinovirus ola bilər. Lakin qrip də deyil. Çünki qrip virusların içində ən ağırıdır və bu kəskin əlamətlərlə başlayır, ən çox qızdırma, halsızlıqla müşayiət edilir. Amma hansı virus olduğunu təsbit etmək üçün isə bizim əlimizdə çox imkan yoxdur. Xüsusən dövlət klinikalarında bunu təyin etmək olmur, ona görə də hansı virusun yayıldığını dəqiq demək olmur".
Mərdan Əliyev onu da qeyd edib ki, hər il qrip ştammları dəyişir və bu ştammlar bir-birini əvəz edir, əlamətlərində də dəyişikliklər gedir.
O, pandemiya ilə bağlı ölkəmizdə vəziyyətin sabit olduğunu söyləyib: "Hazırda infeksiya yüngül formada gedir. Lakin Avropada, o cümlədən Türkiyədə yoluxma sayında artım var. Qış fəsli, xüsusən dekabr ayı kəskin respirator virus infeksiyalarının, o cümlədən, COVID-19 virusunun yayılması üçün əlverişli zaman hesab olunur. Buna görə yoluxmanın artması ehtimalı var.
Lakin bizdə Türkiyədə olduğu kimi artıq kollektiv immunitet formalaşıb. Ona görə də yoluxma sayının artması çox ciddi nəzərə çarpmayacaq, bizim üçün ciddi problem yaratmayacaq. Virus yüngül formada gedəcək, insanlar ev şəraitində müalicə olunaraq infeksiyanın öhdəsindən gələcəklər".