“2015-ci ilin avqustundan 2016-cı ilin sentyabrına qədər nikahdan əvvəl tibbi müayinədən 107 minə yaxın gənc keçib. Onlardan təqribən 9 min talassemiya, 700 sifilis, 145 nəfərdə HİP-ə yoluxma aşkarlanıb”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Elmira Axundova deyib.
Deputat xatırladıb ki, əvvəl belə şübhələr olub ki, yeni evlənənlərin xahişi əsasında həkimlər cütlüklərdən təhlükəli xəstəlikləri gizlədəcəklər: “Şükürlər olsun ki, bu təsdiqini tapmadı, həkimlərimiz xəstəliklər haqqında cütlükləri məlumatlandırır, habelə ictimaiyyətə geniş informasiya verirlər. Yəni əllərindən gələni edirlər. Bu xəbərləri ictimailəşdirməklə paralel olaraq biz də tədbirlərimizi görməliyik”.
Deputat qeyd edib ki, zöhrəvi xəstəliklər sahəsində xoşagəlməz vəziyyət yaranıb və durum gözlənildiyindən də ciddidir: “Mənim təkliflərim ondan iabrətdir ki, Qeydiyyat Şöbələrinə səlahiyyət verilsin ki, gəncləri məcburi müalicəyə göndərsinlər. Zöhrəvi xəstəliklər olduqda isə xəstəlik tam sağalana qədər nigaha daxil olmanı qadağan etsinlər. Sağalması mümkün olmayan HİV və talassemiya xəstəliklərinə gəldikdə isə nigaha daxil olanlara xəstəliyin fəsadları haqda ciddi və geniş informasiya verilməlidir. Əlbəttə, bütün cütlüklər öz seçimlərində sərbəstdir. Amma mənim fikrimcə, onlarla israrlı söhbət aparılmalı, bu prosesdə həkimlər və mütəxəssislər də iştirak etməlidir”.
Nemət