3 Noyabr 2016 15:46
3 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Gürcüstanın Marneuli rayonunda vəziyyətin kritik olduğu haqqında xəbərlər yayılır. Hətta ötən gün Marneulidə svan əsilli gürcülərlə azərbaycanlılar arasında qarşıdurmanın olduğu, nəticədə iki nəfərin öldüyünü iddia edirlər.

Bu xəbəri sosial şəbəkədə Gürcüstanda ictimai-siyasi fəallığı ilə seçilən Samirə Bayramova adlı istifadəçi yayıb. Qeyd edilib ki, bu gün də Marneuli bazarında bir xanım ölüb.

Teleqraf.com-un əməkdaşı son parlament seçkilərində diqqət mərkəzində olan Marneulidə nə baş verdiyini aydınlaşdırmağa çalışıb. Əməkdaşımız Gürcüstan parlamentinə deputat seçilən azərbaycanlı millət vəkilləri ilə əlaqə saxlayıb.

Hakim “Gürcü Arzusu” Partiyasının üzvü, deputat Mahir Dərziyev baş verən hadisə barədə bunları deyib: “Marneuli rayonunda iki bazar var. Bu bazarlardan birinin sahibi mənim tanıdığım yaxşı bir insanındır. Bazarda işləyənlərin də əksəriyyəti azərbaycanlılardır. Bu bazarda qadınlar yolun kənarında düzülərək meyvə-tərəvəz, qədim əşyalar və digər mallar satırlar. Avtomobil keçərkən bir xanımın malına toxunub. Nəticədə xanım buna etiraz edib, arada mübahisə yaranıb. Avtomobilin sürücüsü xanımı itələyəndə qadın yıxılıb, başı yerə dəyərək ölüb. Qadın azərbaycanlıdır, Marneuli yaxınlığında "stansiya" deyilən ərazidə yaşayır və bazarda mal satırdı. Belə bir hadisə olub. Polis də qarşı tərəfi saxlayıb, hazırda istintaq gedir”.

Deputat xüsusilə vurğulayıb ki, bu çox həssas məsələdir və burada ucuz sensasiya yaratmaq qətiyyən yolverilməzdir: “Bu həssas mövzudur, elin-obanın taleyi məsələsidir. Bu elə məsələdir ki, qaşınmayan yerdən qan çıxarmaq lazım deyil. Əgər belə bir hadisə baş veribsə, müvafiq orqanlar var və onlar bunu araşdıracaq və cəza da veriləcək. Daha bunu millətlərarası münasibətlərə şamil etmək, seçkilərə bağlamaq, gürcü-azərbaycanlı qarşıdurması kimi təqdim etmək düz deyil. Səmimi deyirəm ki, adi bir bədbəxt hadisədir. Açığı, mən özüm də avtomobillə həmin ərazidən çətinliklə keçirəm. Bazarda gündə 100 hadisə baş verir. Bunu millətlərarası münasibətlərə bağlamaq düzgün deyil”.

Mahir Dərziyev daha sonra deyib ki, dünən Marneulidə qarşıdurmanın olması və iki nəfərin ölməsi haqqında xəbərlərdə yalandırr: “Ola bilməz ki, belə bir hadisə olsun və mən bu haqda bilməyim. Mən çox yerlərə zəng eləmişəm. Belə bir hadisə yoxdur. Marneulidə, Bolnisdə və Dumanisdə belə hallar mövcud deyil. Sosial şəbəkələrdə insanlar bir qədər məsuliyyətli olmalıdır”.

Vahid Milli Hərəkat Partiyasının üzvü, deputat Azər Süleymanov isə bizimlə söhbəti əsnasında deyib ki, hazırda Marneulidə deyil: “Vəziyyət deyildiyi kimi deyil. Bazar işçiləri ilə satıcılar arasında nəsə baş verib. Orada isə svanlar yoxdur. Məndə olan məlumat budur. Bir xanımın da ürəyində qüsuru var imiş və yerində keçinib. Bu dava nəticəsində olmayıb. Ola bilsin ki, qorxub və ya həyəcanlanıb. Hazırda mən Marneuliyə gedirəm. Məni təcili rayona çağırıblar”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər