Dövlət İmtahan Mərkəzi buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş nəzarətçi-müəllimlərin fəaliyyətinin təhlili ilə bağlı araşdırmanı yekunlaşdırıb.
Bu barədə Teleqraf.com-a mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi – buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti, hər il, imtahanlar başa çatdıqdan sonra qiymətləndirilir. Bu zaman aşağıdakı parametrlər əsasında araşdırma aparılır: imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və s.
Bu araşdırmanın nəticələri nəzarətçi-müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsi, onlarla təşkil ediləcək seminar-məşğələlərin məzmununun və metodunun yenidən işlənməsi, növbəti imtahanlar üçün nəzarətçi seçimi meyarlarının korrektə edilməsi, respublika üzrə orta ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin imtahanların təşkilində aktiv iştirakının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, 2016-cı ildə keçirilən test imtahanlarına nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 13 966 nəfərdən ibarət olub. Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 8 853, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına 5 012 , orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 3 676 nəzarətçi cəlb edilib.
Bu il qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 854 nəzarətçi-müəllimə təşəkkür elan edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 121 nəzarətçi bazadan xaric edilib.
Ümumiyyətlə, indiyə qədər DİM tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2713 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 273 müəllim fəxri fərmanla təltif edilmişdir. Fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 5, 13, 100, 150, 191, 258, 263, 271, 283, 285 saylı məktəblərinin nəzarətçi-müəllimləri xüsusi olaraq seçilirlər. Regionlar üzrə isə Gəncə şəhəri 6 və 28 saylı, Şəki şəhəri 11 və 18 saylı, Naxçıvan şəhəri 14 saylı, Şərur şəhəri 2 saylı, Göyçay şəhəri 7 saylı; Xaçmaz şəhəri 9 saylı, Lənkəran şəhəri xarici dil təmayüllü internat tam orta məktəbi və 3 saylı məktəblərinin nəzarətçi-müəllimləri, fərqlənir.
Xatırladaq ki, DİM tərəfindən aparılan araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.