Xarici İşlər Nazirliyi 2016-cı ilin yekunlarına dair mətbuat buraxılışı yayıb. Teleqraf.com-un məlumatına görə, buraxılışda bildirilir ki, 2016-cı ildə beynəlxalq vəziyyət gərginliyin və qeyri-müəyyənliyin artması ilə müşahidə olunub: “Beynəlxalq güclər arasında cərəyan edən sürəkli qarşıdurma beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması, qlobal maliyyə-iqtisadi və siyasi böhranların qarşısının alınması, terrorizm və ekstremizmlə səmərəli mübarizənin aparılması, habelə sivilizasiyalararası və dinlərarası ziddiyyətlərin aradan qaldırılmasına yönələn səyləri xeyli zəiflədib.
İl ərzində özünü büruzə verən sistemli problemlər sırasında beynəlxalq hüquqa seçici yanaşma və ikili standartlar davam edib. Yaxın Şərqdə səngiməyən qanlı qarşıdurmalar və artan terror təhlükəsi bu bölgədən Avropa ölkələrinə kütləvi qaçqın axınına səbəb olub və bu da həmin ölkələrdə ksenofobiya, dözümsüzlük, islamafobiya və radikallaşmanın kəskin sürətdə artımına gətirib çıxarıb”.
Bildirilir ki, baş verən iğtişaşlar və gərginliyin fonunda Azərbaycanın həyata keçirdiyi xarici siyasət fəaliyyəti uğurlu daxili siyasəti tamamlayaraq, konstruktivliyi, bərabərhüquqlu dialoqa açıqlığı, eləcə də sülh və əməkdaşlığın təşviqi kimi məqsəd və məramları ilə fərqlənib: “Diplomatik fəaliyyətimizin əsas hədəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin artırılmasından ibarət olub. 2016-cı il də bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təşkilatların qərarları ilə səciyyəvi olub.
17-18 sentyabrda Venesuelada keçirilmiş Qoşulmama Hərəkatının üzv dövlətlərinin dövlət və hökumət başçılarının zirvə görüşünün yekun sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin hələ də icra edilməməsinə təəssüf bildirilib və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə dəstək ifadə olunub.
10-15 apreldə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünün yekun bəyannaməsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulması ilə müşayiət olunan işğalını pisləyən prinsipial mövqe bir daha təsdiq edilib, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icrası və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına tələb ifadə olunub. Yekun bəyannamədə, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun yaradılması qərara alınıb.
Eyni zamanda 18-19 oktyabrda Daşkənddə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının görüşündə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul olunub.
2016-cı il ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə 16 may və 20 iyun tarixlərində Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburqda görüşləri keçirilib. Keçirilmiş görüşlərdə münaqişənin tezliklə sülh yolu ilə həlli üzrə substantiv danışıqlar aparılıb.
8-9 iyulda keçirilmiş Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Zirvə görüşünün yekun bəyannaməsində NATO üzv dövlətləri Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu prinsiplər əsasında həllinə dəstək verdiklərini bir daha bəyan ediblər.
29 fevral-1 martda ölkəmizə səfəri zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə dair mövqeyini bir daha bəyan edib.
22 sentyabrda keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının görüşündə qəbul edilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində digər həllini tapmamış münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi xüsusi vurğulanıb”.
O da bildirilir ki, 2-5 apreldə Ermənistanın Silahlı Qüvvələri işğal etdiyi ərazilərimizdəki təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutması və hücuma keçməsi nəticəsində 6 mülki şəxs həlak olub və 33 nəfər yaralanıb: “Bununla yanaşı, dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub. Beynəlxalq ictimaiyyət tərəfindən cəbhədə vəziyyətin gərginləşməsi qətiyyətlə pislənilib və işğal nəticəsində yaranmış status quo vəziyyətinin qəbuledilməzliyi bir daha vurğulanıb”.
Səxavət