“Sovetlər Birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
S.Novruzov deyib ki, bir sıra saytlar intihar halları ilə bağlı xəbərləri yaymaqla, digər insanları da intihara təhrik edirlər. Onun sözlərinə görə, bəzi Avropa ölkələri intiharın sayına görə dünyada birinci yerdə gedir:
“Televiziylarımızda verilişlər hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları mənfi istiqamətlərə yönəldir”.
Komitə sədri sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsini də təklif edib:
“Ölkəmizdə internet tam şəkildə azaddır. İstənilən adam istədiyini təhqir edir, başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada məsuliyyət müəyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra ordan götürüb o xəbərləri verənlər var. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir”.
Nemət