13 Aprel 2017 11:35
3 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kifayət qədər velosiped həvəskarları var. Bakıda bəzi məkanlarda velosiped sürmək üçün xüsusi zolaqlar da salınıb ki, onlardan biri Ağ şəhərdə, digəri isə Yeni Bulvar ərazisindədir. Velosipedi olanlar gəlib, burada rahatlıqla ondan istifadə edə bilərlər. Olmayanların isə Yeni Bulvarda “Velopark” dan velosiped kirayə götürmək imkanları var.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Teleqraf.com-a bildirib ki, hər iki məkanda kirayə velosipedlər verilir: “Ağ şəhərdə 80, Yeni Bulvarda isə 120 kirayə velosiped var”.

Velosiped sürmək eşqinə düşən gərək 3-5 manatından keçsin. Necə deyərlər, könlü balıq istəyənin quyruğu suda gərək. Bizim də könlümüzə düşdüyünə görə yolumuzu Yeni Bulvar ərazisindən saldıq.

İlk kassaya yaxınlaşıb, qiymətlərlə maraqlandıq. Sadə velosipedin 1 saatı 3 manat, sürətli velosipedin saatı isə 5 manatdır. Velosipedi icarəyə götürmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.

İdarənin rəis müavini bildirir ki, şəxsiyyət vəsiqəsinin təqdim edilməsi vacibdir: “Kirayə velosiped götürmək istəyən şəxs deyər ki, mən ərazidəyəm. Amma velosipedi ərazidən çıxara, yaxud oğurlayıb apara da bilər. Buna nəzarət etmək çətindir. Heç kim bilməz ki, haradan çıxdı, haradan apardı... Velosipedlərin də üzərində xüsüsi nişanı yoxdur ki, biləsən bu kirayədir, yoxsa şəxsi velosiped. Buna görə də sənəd alırıq ki, velosipedlər oğurlanmasın”.

Biz vəsiqəmizi təqdim etdik, xüsusi kart aldıq, kartı velosipedlərə nəzarət edən şəxsə verdik. O da uyğun velosipedi götürməyimizi məsləhət gördü. Velosipedlə yürüş zolağına yollandıq.

Nazim Məcidov deyir ki, şəxsi velosipedi olanlar günün 24 saatı velosiped sürmək üçün bulvara gələ bilərlər: “Yetər ki, icazə verilən xətlərdə sürsünlər. Xətlərdən kənara çıxma halları müşahidə olunsa, mühafizə xidmətinin əməkdaşları xəbərdarlıq edərək, icazəli zolaqla sürməyə istiqamətləndirir”.

Ümumilikdə kirayə velosiped götürənlər arasında əsas üstünlük gənclərdədir: “15-25 yaş arası gənclər daha çox maraqlıdır. Bu həm idmandır, həm sağlamlıq... Velosiped götürənlərin dəqiq sayını bilmək çətindir. Hava şəraitindən asılıdır. Qış aylarında, yağış yağanda, ümümilikdə hava soyuq, küləkli, sərt keçəndə müraciətlər demək olar ki, olmur. Amma günəşli günlərdə, yaz-yay aylarında kəskin artım müşahidə olunur. Hətta uzun növbələr də yaranır”.

Nazim Məcidov əlavə edir ki, velosipedlər hər gün texniki baxışdan keçərək, istifadəçilərə təqdim olunur: “Bundan əlavə, hər istifadədən sonra da baxılır ki, görək detalları yerindədirmi, sıradan çıxmayıb ki... Digər kirayə götürmək istəyənin də istifadəsinə yararlı olsun”.

Velosipedi sürənlər arasında xaricilər, xüsusilə də Səudiyyə Ərəbistandan olan turistlər diqqətimizi çəkdi. Onların da təklifdən razı qaldığı aydın görünürdü.

Nazim Məcidov istifadəçilərin velosipedlərlə davranışını kafi qiymətləndirir: “İstifadə edənlərin çoxu ilk dəfə sürənlər, yeni öyrənən adamlar olduğuna görə bilməyərəkdən ağaca, səkiyə vurur, digər velosipedlərlə toqquşurlar. Bu zaman da detallarda deformasiya olur, tez sıradan çıxır”.

Rəis müavini qeyd edir ki, bəzən qiymətlərlə bağlı şikayətlər də olur: “Müəyyən adamlar deyirlər ki, qiymətləri endirmək və ya həmin pula saatı artırmaq olar. Amma bunlar hamısı hesablanır. Yığılan pullar velosipedlərin təmirinə, yenilərinin alınmasına və digər işlərin həll edilməsinə sərf olunur. Ona görə də qiymətlər bu cürdür”.

Velopark ərazisində ilk dəfə rastlaşdığımız yenilik nəzərimizdən qaçmadı. Yenilik elektrik velosipedlərinin istifadəsinin nəzərdə tutulmasıdır. Hələlik bunun üçün xüsusi ayrılmış yerdə gözümüzə velosipedlər dəymədi.

Nazim Məcidov bildirdi ki, yeniliyin tətbiqinin uğurlu olub-olmamısını bilmək üçün zaman lazımdır: “Tətbiq ediləndən sonra biləcəyik ki, insanlar nə qədər maraqlıdır, kirayə götürənlər çox olacaqmı, nə dərəcədə alınır... Məqsəd həm bazarda tələbatı artırmaq, həm də dünyada olan müasirliyi, yeniliyi ölkəmiz tətbiq etməkdir. Gələcəkdə əldə olunan gəlir hesabına bulvar ərazisinin inkişafına xərcləməyi də düşünürük".

1 saatlıq vaxt bitəndən sonra velosipedi təhvil vermək lazımdır. Təhvil verəndə yenidən kartlar özümüzə qaytarılır ki, onu kassaya təqdim edib, vəsiqəmizi geri götürək.

Qeyd edək ki, velosiped sürmək ürək sağlamlığı üçün son dərəcə faydalıdır. İngiltərə tibb dərnəyinin etdiyi araşdırmalara görə pedal çevirmək tac damar xəstəliyi riskini 50% azaldır. Stanford Universitetində edilən araşdırmalar pedal fırlamağın yuxu nizamını inkişaf etdirdiyini və daha gənc görünməyi təmin etdiyini sübut edib. Yəni hər kəs velosiped sürməklə həm gözəl istirahət etmiş, həm də sağlamlığına fayda vermiş olar.

Şəfiqə Nazimqızı
Samir İsayev


Müəllif:

Oxşar xəbərlər