Teleqraf.com xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, evlərdən hostel kimi, habelə otellərdən mənzil kimi istifadə edilə bilər.
Millət vəkili Asim Mollazadə qanuna təklif edilən bu dəyişikliyə qarşı çıxıb: “Yaşayaış sahəsində mehmanxana və hostellərin yerləşdirilməsi vətəndaşların istirahət hüququnu pozmağa əsas yarada bilər. Dünya təcrübəsində yaşayış sahəsində belə xidmət qurumlarının yerləşdirilməsi qadağandır. Çünki insanların öz evlərinda sakit yaşamaq haqqı var. Biz bu təklifləri qəbul etməklə bir növ insanların sakit istirahət etmək hüququna maneə yaradırıq. Bu, vətəndaşların şəxsi həyatına müdaxilə imkanı yaradır. Belə düzəlişlə vətəndaşların hüquqlarını pozuruq”.
Komitə sədri Hadı Rəcəbli isə Asim Mollazadəyə etiraz edib: “Biz 1,6 aydan çoxdur ki, Turizm qanunu üzərində iş aparırıq. Bu məqsədlə dünyanın 10 ölkəsinin müvafiq qanunlarını öyrənmişik. Asim müəllim bizim dünyagörüşlü deputat həmkarımızdır. Ancaq hesab edirəm ki, onun fikirləri doğru deyil. Biz bu qanunla həm də bürokratiyanın qarşısını almış olacağıq”.
Spiker Oqtay Əsədov isə xatırladıb ki, Türkiyənin 40-50 minlik şəhərlərinə ildə 100 minlərlə turist səfər edir: “Əlbəttə, hostellər və otellər olmasa, onları yerləşdirmək mümkün olmaz”.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə Gürcüstan təcrübəsini nümunə göstərib. Deyib ki, qonşu Gürcüstana ötən il 6 milyon turist gəlib və bu ölkəyə milyardlarla valyuta gətirib: "Bu turistlərin 60-70 faizi evlərdə qalıb".
Cavad