Gənc fəal, “Müsbət Dəyişiklik” Gənclər Hərəkatının rəhbəri Bəxtiyar Hacıyev ABŞ-ın yeni Prezidenti Donald Trampın dövlət başçısı kimi fəaliyyətinin ilk 100 günü barədə Teleqraf.com-un suallarını cavablandırıb:
- ABŞ-ın yeni prezidenti Donald Trampın dövlət başçısı kimi fəaliyyətinin ilk 100 gününü necə qiymətləndirirsiniz?
- Tramp prezidentliyinin ilk 100 günündə seçicilərinə vəd etdiyi dəyişiklikləri reallaşdırmağa çalışsa da, ilk günlərdən uğursuzluqlarla üzləşdi. Əvvəlcə, 7 müsəlman çoxluqlu ölkə vətəndaşlarına ABŞ-a giriş qadağası barədə qərarı xaosla, etirazlarla qarşılandı və qısa müddətdə federal hakimlər tərəfindən ləğv edildi, apelyasiya şikayəti isə təmin edilmədi. Daha sonra, seçki kampaniyasında söz verdiyi kimi, Obama administrasiyası dövründə qəbul edilmiş və Obamacare adlandırılan tibbi sığorta islahatlarını geri çevirməyə çalışdı. ABŞ Konqresində respublikaçılar çoxluqda olsalar da, respublikaçı Prezident Trampın bu təşəbbüsü də uğursuzluqla nəticələndi. Bu uğursuzluqdan diqqət yayındırmaq üçün Tramp administrasiyası Obamanın prezident olduğu dövrdə Trampın telefon danışıqlarını dinlətməsi iddiasını ortaya atdı, lakin, bu da öz təsdiqini tapmadı. Onun seçki kampaniyası zamanı ən yaxın kadrlarından biri olmuş, sonradan milli təhlükəsizlik üzrə müşavir təyin etdiyi Maykl Flinn Rusiya ilə sıx münasibətlərinə görə istefaya göndərildi. Trampın iqtisadi sahədə vergi güzəştləri, yeni iş yerlərinin açılması, ABŞ istehsalının artırılması, kənarda istehsal olunan və ABŞ-da satılacaq məhsullarla bağlı qərarları da hər hansı bir effekt vermədi. Onun 100 günlük fəaliyyəti ilə bağlı çəkdirdiyi və 1.5 milyon dollar büdcə ilə yayımladığı reklam çarxından da Trampın 100 gündə uğurlu, fərqli və Amerikanı yenidən möhtəşəm edəcək bir addımı olmadığı görünür. Əksinə, seçicilərinin mediadan bu uğursuzluqları görməməsi üçün, ABŞ mediasını “saxtakar” adlandırmaq cəhdini davam etdirir.
- Çoxları ehtimal edirdi ki, Tramp Rusiyaya münasibətdə mülayim xətti seçir, amma hadisələrin gedişi əksini göstərdi. Rusiya ilə ABŞ-ın münasibətlərinin inkişafını necə görürsünüz?
- Tramp Britaniya Baş naziri ilə görüşdə Rusiyaya qarşı sanksiyaların davam etdirilib-etdirilməyəcəyi ilə bağlı sualdan yayındı, FOX News-da müsahibəsi zamanı Putinlə bağlı sərt ifadələr işlətməkdən çəkindi, onun Rusiya ilə əlaqələrinin araşdırılması üçün xüsusi prokuror təyin edilməsinə qarşı çıxdı. Trampın ilk 100 günlük prezidentliyi müddətində Rusiyaya qarşı atılan addım kimi sadəcə, Suriyaya raket zərbələrinin endirilməsini göstərmək olar. Bu da onun Rusiya ilə münasibətlərdə sərt xətt tutduğunu deməyə kifayət etmir. Hazırda ABŞ Senatında Təhlükəsizlik Komitəsi və FTB tərəfindən Tramp, onun seçki kampaniyası və yaxın kadrlarının seçki zamanı Rusiya ilə gizli münasibətləri araşdırılır. Artıq Trampın bir neçə keçmiş müşaviri bu araşdırmada açıq danışacaqlarına söz veriblər. Hər şeyi zaman göstərəcək.
- Tramp Pensilvaniyadakı çıxışında Şimali Koreya ilə “böyük münaqişə”ni istisna etməyib. Bu, gözləniləndirmi? Yaponiya mediasının iddiasına görə, Koreyanın raket sınaqları Trampın prezidentliyinin 100 günü ilə bağlıdır. Bu bağlılığı necə izah edərdiniz?
- Trampın ilk 100 gündə atdığı addımların böyük əksəriyyəti iki hədəfə köklənmişdi. Birincisi, seçicilərə verilən vədləri reallaşdırmağa çalışmaq; ikincisi isə bu vədlər reallaşmadıqda və diqqət onun uğursuz cəhdlərinə, yaxud Rusiya ilə gizli münasibətlərinə yönəldikdə, diqqəti dağıtmaq üçün kənarda düşmən obrazına hədəflənmək. Düşünürəm ki, Şimali Koreya ilə hərbi münaqişənin istisna edilməməsini demək də ilk 100 gün ərzində seçicilərə vədlərinin reallaşdırılmasındakı uğursuzluqları örtmək üçün idi.
- Trampın son sərəncamına əsasən, maliyyə yardımı kəsilən ölkələrdən biri də Azərbaycandır. Bu hadisə fonunda Donald Trampın Azərbaycana yönəlik siyasəti necə davam edəcək?
- Trampın növbəti maliyyə ilində müdafiə xərclərini artırması, Dövlət Departamentinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin büdcəsinin və xarici ölkələrə yardımların kəsilməsi onun yumşaq, yaxud ağıllı gücdən daha çox sərt gücə üstünlük verməsini göstərir. Təcrübə isə onu göstərir ki, keçmişdə ABŞ da başda olmaqla, daha çox sadəcə sərt gücdən, hərbi xərclərdən istifadə edərək formalaşdırılmış xarici siyasət uğursuzluqla nəticələnib, əksinə, yumşaq güc, yaxud sərt güclə yumşaq gücü birləşdirən ağıllı güc (Smart power) daha effektivdir. Trampın bu təşəbbüsü sırf Azərbaycana qarşı yox, ABŞ-ın xarici siyasətində xərclədiyi pullara, yardımlara yönəlib. Düşünmürəm ki, yaxın müddətdə Azərbaycan Trampın gündəliyində gözə çarpacaq yerə yüksələcək. Ona görə də onun məhz Azərbaycanla bağlı siyasətinin necə olacağını indi təxmin etmək olmaz.
Nərgiz