Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, ürək cərrahı Rəşad Mahmudov deyib.
Həkimin sözlərinə görə, uşaq sahibi olmayan insanlar süni mayanlanma üsuluna müraciət edirlər: “Tibbin inkişafı ilə əlaqədar uşaq istəyən ailələrə verilən dərmanların əksəriyyəti xəstə uşaqların abort olmadan yaşaya bilməsinə şərait yaradır. Bu bir tərəfdən ailələri sevindirərkən, digər tərəfdən xəstə uşaqların dünyaya gəlməsinə səbəb olur. Sevinən ailə daha sonra sosial problemlə üz-üzə qalır.
Son illər anadangəlmə ürək qüsuru ilə bağlı əməliyyat etdiyimiz uşaqların 30 faizi süni mayalanma üsulu ilə dünyaya gələn ekiz uşaqlardır. Əlbəttə ki, süni mayalanma minlərcə ailəyə ümid gətirdi, amma qüsurlu uşaqlarında dünyaya gətirilməsinin və təbii abortun qarşısını almış oldu”.
Ürək-damar cərrahı bildirib ki, bu gün tibb imkan verir ki, ana bətnində qüsur tapılsın və əməliyyat aparılsın: “Ürək-damar xəstəliklərinin 80-90 faizi tam düzələ bilən xəstəliklərdir. Körpə ananın bətnində olan vaxt diaqnoz qoyulur və mümkün olduqda əməliyyat edilir. Dünya statistikasında hər 1000 uşaqdan 14 nəfər anadangəlmə ürək qüsuru ilə doğulur”.
Millət vəkili qeyd edib ki, Azərbaycan tibbi son 10 il ərzində anadangəlmə qüsurlarla bağlı ciddi addımlar atıb: “10 ildə 6 minə yaxın uşaq üzərində açıq ürək əməliyyatları olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə isə 1000 yaxın uşaq üzərində açıq ürək əməliyyatı aparılıb”.