Teleqraf.com-un məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Memarlar İttifaqının imzaladığı birgə bəyanatda deyilir:
“İyul ayının 4-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejimi düşmən tərəfindən növbəti dəfə pozulub və işğalçı ordunun birləşmələri bu dəfə də xaincəsinə davranaraq azərbaycanlı əhalinin yaşadığı kəndləri hədəf alıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəki yaşayış evlərini iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz ağır yaralanıb.
Ermənistanın Azərbaycana qarşı 25 ildən çoxdur davam edən hərbi təcavüzü, işğalçılıq siyasəti ilk gündən mülki əhaliyə, dinc insanlara qarşı qırğınlarla müşayiət olunması minlərlə günahsız insanın həyatına son qoyub və hal-hazırda da bu təcavüzü davam etdirməkdədir.
Azərbaycanın mədəniyyət ictimaiyyəti beynəlxalq aləmi bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamağa və Azərbaycan xalqının pozulmuş hüquqlarının bərpa olunmasında birgə mübarizəyə çağırır.
Dünya birliyinin Ermənistanın hərəkətlərinə göz yumması beynəlxalq birliyin baş verənlərə laqeydliyi işğalçı ordunun daha azğın davranmasına, mülki əhaliyə qarşı hücumlarını davam etdirməsinə zəmin yaradır.
Azərbaycan xalqı qüdrətli ordumuz sayəsində gec-tez erməni işğalı altında olan torpaqlarımızı geri qaytaracağına inanır.
Respublikamızın mədəniyyət ictimaiyyəti münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti işğalçı Ermənistan ordusunun bu qanlı cinayətləri ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırır“.
Sonda mədəniyyət ictimaiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğala son qoyulması ilə bağlı bundan sonra atacağı bütün addımları dəstəklədiklərini və Ali Baş Komandanın hər əmrinə hazır olduqlarını bildiriblər. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib, yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyiblər.