Teleqraf.com xəbər verir ki, Günəş yanığından qorunmaq o qədər asan olmur. Dərinin Günəşin zərərli ultrabənövşəyi şüalara məruz qalması sonradan problem yaradır. Başqa sözlə, bu şüalar insan sağlamlığına xeyirdən çox, zərər vurur.
Günəş yanıqlarının əlamətləri: ağrı, dərinin qızarması və şişməsi, bəzi hallarda hətta suluqların əmələ gəlməsi. Bundan əlavə insan baş ağrısı, halsızlıq, ürəkbulanması hiss edir. Bu halda ilk tibbi yardım məqsədi ilə soyuq duş qəbul etmək olar. Duş qəbul etdikdə suya kartof nişastası və ya çay sodası əlavə etmək olar.
Soyuq su çox yaxşı effekt verir. Ağrı və dərinin qızarmasını azaldır. Amma duş qəbul etmək mümkün deyilsə, soyuq islatmalardan istifadə edin.
Bir neçə qat qatlanmış tənzif soyuq suda isladılır, yanmış dəriyə qoyulur və tez-tez dəyişilir. Buzdan istifadə etmək olmaz! Bu yanığın daha da artmasına səbəb olacaq.
Uşaqların dərisi nazik olduğu üçün gün yanıqları onlara daha çox ziyanlıdır.
Əgər yanıq nəticəsində dəridə suluqlar əmələ gəlibsə, mütləq həkimə müraciət edin. Bu suluqları heç bir halda deşmək olmaz.
Əks halda yara infeksiyalaşa bilər.
Qatıq və ya xama ilə islatmalar da gün yanıqları zamanı yaxşı kömək edir. Soyuq süd məhsulunu tənzifin üzərinə çəkin və zədələnmiş dəriyə qoyun.
Belə islatmalar ağrını götürür, dərini yumşaldır və nəmləndirir.
Əgər insanda hərarət qalxıbsa, ona hərarətsalan preparatlardan birini (ibuprofen, parasetamol) vermək olar. Bu preparatlar həm də ağrını götürür.