11 Avqust 2017 11:05
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kirayə bazarında heç də bütün seqmentlər üzrə qiymət artımı müşahidə edilmir.

Bu barədə Teleqraf.com-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mənzillərin qiymətinin gələn aydan artacağı ilə bağlı açıqlamalar yenidən gündəmə gəlməyə başlayıb: “Son 4 ildə belə məlumatlar daimi olaraq mətbuata sızdırılır. Amma nə qiymət, nə də mənzil alanların sayı artır. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan, müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları" baş vermədən ev almağa tələsəcək.

Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Halbuki bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir”.

Ekspertin sözlərinə görə, əmlak bazarında aparılan monitoriqlər göstərir ki, bu sektorda yalnız kirayə bazarında qiymət artımları müşahidə edilir: “Bu da yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxtın qalması və mövsümün başa çatması ilə bağlıdır. Bununla yanaşı, kirayə bazarında heç də bütün seqmentlər üzrə qiymət artımı müşahidə edilmir. Bahalı kirayə haqqı olan evlərdə qiymətlər stabildir. Aylıq kirayə haqqı orta hesabla 400 manatadək olan mənzillərdə müəyyən qiymət artımları var.

Amma bu rəqəmdən yüksək kirayə haqqı təklif edən evlər üçün qiymətlərdə dəyişiklik yoxdur. Bu bazarda da qiymətlərin gələn ayın sonuna doğru stabilləşəcəyi gözlənilir. Daşınmaz əmlak və eləcə də torpaq bazarında alıcı problemi qalmaqdadır. Tələb yenə də aşağıdır və təklif, demək olar, dəyişməyib”.

Vüqar Bayramov qeyd edib ki, tələb, alıcılıq qabiliyyəti və eləcə də bazardakı təklifi nəzərə aldıqda yaxın zamanlarda mənzillərin qiymətində artım gözlənilmir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər