21 Avqust 2017 19:25
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup Azərbaycan jurnalisti sosial şəbəkələrdə yeni təşəbbüsə imza atıb. Onlar “İlham Əliyevin dostları” səhifəsini yaradıblar.

Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumata görə, "Facebook" və "Instagram"da, eyni zamanda, "Twitter"dəki hesabda Azərbaycan Prezidentinin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün görülən işlər, eləcə də dövlət başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir. Səhifələrin əsas məqsədi Azərbaycan Prezidentinin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir.

Fəaliyyət göstərdiyi qısa müddətdə “İlham Əliyevin dostları” "Facebook" səhifəsini bu sosial şəbəkənin minlərlə istifadəçisi ziyarət edib və bəyənib. “Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin dostu olmaqla yanaşı, ölkədə söz və ifadə azadlığının qorunmasının ən böyük təminatçısıdır”, - deyə səhifənin təqdimat bölümündə bildirilir.

“Prezidentimizi sevmək, dövlətə və dövlətçiliyə sədaqət göstərmək ümdə borcumuzdur”, “Dövlət başçısının jurnalistlərin dostu olması mətbuatın ən böyük uduşudur”, “Dost olmaq da ayrı bir qürurdur!” - səhifənin dəyərləndirmələr bölməsində jurnalistlər Azərbaycan Prezidentinin medianın dostu seçilməsini belə şərh edirlər.

Digər bir jurnalist isə öz fikirlərinin belə ifadə edir: “Xalqını sevən, ölkəsini qürurla təmsil etməkdən usanmayan, millətinə düşmənlik edən daxili və xarici ünsürlərin gözlərini ovmağa hər an hazır olan, 7-dən 77-yə hər bir şəxsin qayğısına qalan və bundan xüsusi zövq alan, Azərbaycanın əleyhinə atılan addımlara mükəmməl siyasi biliyi ilə cavab verib düzü-düz, əyrini-əyri şəkildə başa salan, dünyanın iqtisadi cəhətdən əziyyət çəkdiyi və gerilədiyi bir vaxtda alternativ proqramlarla Azərbaycanın yüksək inkişafına nail olan bir Prezident – Azərbaycan Prezidenti İlham Əliyev mənim də DOSTUMDUR! Bundan gözəl nə ola bilər ki?!”

Səhifədə, həmçinin dövlət başçısının fəaliyyətini əks etdirən fotoalbomlar və müxtəlif KİV-lərdə dərc edilmiş materiallar da yer alıb. Təşəbbüsçülər öz həmkarlarını mövcud səhifənin konsepsiyasına zidd olmayan materiallar paylaşmağa, şərhlər yazmağa, diskussiyalara qatılmağa dəvət edirlər. Səhifədə artıq Prezidentin rəsmi saytına istinadən məktublar, sənədlər, müxtəlif KİV-lərdə dərc olunmuş və mətbuata dövlət qayğısını əks etdirən yazılar da yerləşdirilib.

Azərbaycan Mətbuat Şurası ölkə mediasının və ictimaiyyətinin nümayəndələrini jurnalistlərin bu təşəbbüsünə qoşulmağa, səhifələrdə aktiv şəkildə öz fikirlərini bildirməyə, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin media siyasətini dəstəkləməyə çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər