Anası və anasının qeyri rəsmi yaşadığı kişi tərəfindən dəfələrəcə fiziki zorakılığa məruz qalmış, baxımsız şəkildə küçəyə atılmış 5 yaşlı Mikayılı çoxlarınız xatırlayırsınız.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli bildirib.
Onun sözlərinə görə, Mikayıl 2017-ci il avqustun 27-si Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdi:
“Uşaq qəbul edildikdə üzərində müxtəlif bədən xəsarətləri müşahidə edilib, məhkəmə tibbi ekspertizasından keçirilib. Faktla bağlı istindaq davam etdirilir. Mikayıl sığınacaqda qaldığı müddətdə geyim, qida, tibbi müayinə və müalicə ilə təmin edilmiş, bununla yanaşı, sığınacağın yönləndirdiyi asudə vaxtın təşkili, dərs və musiqi qruplarında iştirak edib. Reabilitasiyası ailəyə bərpa ilə başa çatan Mikayıl rəsmi aktlar və öhdəlik imzaları əsasında öz xalasına təhvil verilib. Uşağın sosial və psixoloji vəziyyətini daim nəzarətdə saxlayacaq və hər hansı bir neqativ hal müşahidə edilərsə, dərhal hüquq-mühafizə orqanlarına və hazırda istintaqı aparan müstəntiqə məlumat veriləcək. DİN, Məhkəmə Tibbi Ekspertizasına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və İcra hakimiyyəti yanında qəyyum himayəçilik komissiyasına operativ və ədalətli dəstəklərinə görə, Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi adından dərin təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, 5 yaşlı Mikayıl sığınacağa qəbul edildikdə üzərində müxtəlif bədən xəsarətləri müşahidə edilmiş və məhkəmə tibbi ekspertizasından keçirilmişdi. Faktla bağlı istindaq davam etdirilir.