Bir qrup Türkiyə vətəndaşı ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək erməni qəsbkarları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağa səfər edib. Bununla bağlı məlumat alan Baş Prokurorluq dərhal cinayət işi qaldırıb.
Teleqraf.com xəbər verir ki, Zakir Qaralov həmin şəxslərin beynəlxalq axtarışa verildiyini bildirib.
"Bu şəxslərin hərəkətləri Türkiyə dövlətinin mövqeyini ifadə etmir. Bu şəxslər əvvəllər də ermənipərəst mövqeləri ilə tanınıb, PKK terror təşkilatını, müstəqil kürd dövlətinin yaradılmasını təbliğ edib. Onların içərisində sabiq millət vəkili, yazıçı, teleaparıcı da var. Kim ərazi bütövlüyümüzə hörmətsizlik edəcəksə, barəsində cinayət işi başlanacaq".
Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan sentyabrın 28-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə-orqanlarına müraciət edilib.