9 Noyabr 2017 02:06
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolundakı tıxac probleminə birdəfəlik son qoyula bilər. Bununla bağlı konkret təkliflər hazırlanıb. Paytaxtdakı digər bir neçə tıxaclı yollar ilə bağlı da müəyyən işlər aparılır.

Sürücülərin ən çox əziyyət çəkdikləri tıxac problemi daha çox səhər və axşam saatlarında Bakı-Sumqayıt şosesində yaşanır. Bu yoldakı tıxac bəzən bir neçə saat davam edir.

Bakı-Sumqayıt yolunda tıxac probleminin həll olunması üçün bəzi təkliflər hazırlanıb. Bunun üçün Bakı Nəqliyyat Agentliyi bir neçə qurumla, o cümlədən “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətləri ilə sıx əməkdaşlıq edir.

Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin sözlərinə görə, problemin aradan qaldırılması üçün metrobus xətti çəkilə bilər. Əsas məqsəd sərnişin axınını ictimai nəqliyyata yönəltməkdir.

Bununla bərabər Bakının daha üç ərazisində tıxacın aradan qaldırılması istiqamətində iş aparılır. Vüsal Kərimlinin sözlərinə görə, tıxac yaranan yol qovşaqlarında problemlərin həll edilməsi üçün proqram hazırlanır.

Ay ərzində paytaxtda tıxac yaranan 2-3 yol qovşağı barədə məlumatlar proqrama daxil ediləcək. Agentlik direktorunun sözlərinə görə, artıq təkliflər Nazirlər Kabineti yanında Yol Hərəkəti Komissiyasına təqdim olunub. Razılıq verildiyi təqdirdə təkliflərin mərhələli şəkildə həyata keçirilməsinə başlanılacaq.

Hazırda Heydər məscidi, 3-cü mikrorayon dairəsi, 20 yanvar metro stansiyasının ətrafında olan yol qovşaqları ilə bağlı işlər görülür. “Tbilisi prospektindəki durumla bağlı araşdırmalarımız olub və müvafiq təkliflərimiz verilib. Yol qovşağında tıxacın aradan qaldırılması o qədər asan məsələ deyil. Bilirsiniz ki, kommunikasiya xətlərinin köçürülməsi kimi işlər görülməlidir. Bizim təkliflərimiz ondan ibarətdir ki, az xərc çəkilərək yolun genişləndirilməsinə, yəni yeni yol zolağının yaradılmasına nail olmaqdır”, – deyə Vüsal Kərimli bildirib./Xәzәr xәbәr/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər