13 Noyabr 2017 01:42
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva “BPW” Beynəlxalq Federasiyasının tədbirində iştirak edib.

Teleqraf.com xəbər verir ki, dünyanın bir çox ölkələrindən fəal qadınların qatıldığı tədbirdə qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda rolunun artırılması istiqamətində müzakirələr olub və konkret təkliflər səsləndirilib.

Q.Paşayeva tədbirdə iştirak etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar verib.

Q.Paşayeva bir sıra ölkələrdən gəlmiş nümayəndə heyətləri ilə görüşərək Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı da danışıb.

Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımılar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər.

Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Q.Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib.

İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib.
Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Q.Paşayeva tədbir iştirakçılarını Azərbaycana dəvət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər