Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu səbəbdən vətəndaş saxlanılıb və ona məxsus çamadan təkrar yoxlanılıb.
Yoxlama zamanı, çamadanda əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron formada bəyan olunmayan 7 ədəd kiçikölçülü flakonda, təsiredici maddəsinin xalis çəkisi 48,541 qram olan metallik civə aşkar edilib. Bundan başqa, çamadanda ölkə ərazisinə gətirilməsi üçün müvafiq icazə sənədləri olmayan 1 ədəd portativ (əl) metalaxtaran detektor və 1 ədəd metalaxtaran detektorun funksiyalar bloku aşkarlanıb.
Xatırladaq ki, metallik civə Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş Zəhərli maddələrin Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.