1 Fevral 2018 15:31
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurasının (MTRŞ) yanvarın 30-da keçirilən iclasında AzTV və Mədəniyyət kanallarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayıma keçməsi ilə əlaqədar olaraq, yerüstü TV yayımı üçün bu ərazidə əlavə olaraq 31-ci TV kanalının istifadə olunması və TV proqramlarının yeni paketlərinin yaradılması qərara alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə APA-ya MTRŞ-nin Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qərara əsasən, TV vericilərinin fevralın 5-də keçiriləcək profilaktikasından sonra 37-ci TV kanalında AzTV, Mədəniyyət TV, İdman Azərbaycan və İctimai TV proqramları yayımlanacaq: “48-ci TV yayım kanalında bütün ümumölkə TV proqramlarının SD formatında, 31-ci TV yayım kanalında isə CBC sport, Xəzər TV və bir neçə aydan sonra fəaliyyətə başlayacaq yeni xəbər televiziyasının HD formatında yayımı həyata keçiriləcək. Tamaşaçılardan həmin gün profilaktika işlərindən sonra TV qəbuledicilərini yenidən kökləməyi xahiş edirik”.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda peyk və yerüstü TV yayımı rəqəmli formada həyata keçirilir: “Hazırda ölkəmizin əhalisinin 99,9%-dən çoxu yerüstü rəqəmli TV yayımı ilə əhatə olunub. Bunu həyata keçirmək üçün ölkəmizin ərazisində müxtəlif güclü 145 TV vericisi işləyir. Rəqəmli TV yayımı yaxşı keyfiyyət təmin etsə də, bu hələ tam yüksək keyfiyyət sayıla bilməz. Dünya ölkələrində yüksək həlletmə qabiliyyətli (HD –High Definition), Full HD və UltraHD formatında TV yayımı aparılmaqdadır. Bu formatların tətbiqi ekranda kiçik detalları canlandırmağa və təsviri baxımlı etməyə imkan verir. Bu cəhətdən UltraHD formatının imkanları daha genişdir. Ölkəmizdə 2016-cı ildə HD formatı üçün standart hazırlanıb. Lakin əhalidə olan televizorların bir qismi HD formatını dəstəkləmədiyi üçün paralel olaraq SD (Standard Definition) formatında TV yayımı hələ bir müddət davam etdiriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər