8 Mart 2018 12:38
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti orqanlarında ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 4-6-cı təsnifatlarına uyğun olan 200 vakant rəhbər vəzifələri üzrə (AB və AC vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ən yüksək vəzifələr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Aparatında şöbə müdiri və şöbə müdirinin müavini, Səhiyyə Nazirliyinin Aparatında şöbə müdirinin müavini və mərkəzi icra hakimiyyəti orqanlarının regional bölmələrində bölmə müdirinin müavini ve sektor müdirləri vəzifələridir.

Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat aprelin 7-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib. Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 07 aprel 2018-ci il saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır. Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar. Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər. Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

- struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

- vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

1. Prezidenti yanında Ali Attestasiya Komissiyası (3 vəzifə üzrə 3 yer)

2. Səhiyyə Nazirliyi (3 vəzifə üzrə 3 yer)

3. Kənd Təsərrüfatı Nazirliyi (172 vəzifə üzrə 172 yer)

4. Təhsil Nazirliyi (1 vəzifə üzrə 1 yer)

5. Mədəniyyət və Turizm Nazirliyi (10 vəzifə üzrə 10 yer)

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (2 vəzifə üzrə 2 yer)

7. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (1 vəzifə üzrə 1 yer)

8. Gənclər və İdman Nazirliyi (3 vəzifə üzrə 3 yer)

9. Əmlak Məsələləri Dövlət Komitəsi (1 vəzifə üzrə 1 yer)

10. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (3 vəzifə üzrə 3 yer)

11. Dövlət Statistika Komitəsi (1 vəzifə üzrə 1 yer)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər