12 İyun 2018 13:53
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Necə olub ki müxtəlif tanıtım kampaniyaları keçirən, böyük auditoriya yığmağa çalışan və hətta Avropa mədəniyyətindən xəbərsiz olsalar belə İspan günləri təşkil edib yayımlayan bağçanın lisenziyasız fəaliyyət göstərdiyini heç bir icra qurumu bilməyib?

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçasında tərbiyəçilərin uşaqları döyməsi, onlara fiziki və psixoloji təzyiqlər göstərməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, özəl uşaq bağçaları da daxil olmaqla digər təhsil müəssisələrinin fəaliyyətində institutsional dəyişkliyə ehtiyac var. Uşaq bağçaları məktəbəqədər tərbiyə müəssisəsidir və mülkiyyət növündən asılı olmayaraq onlar yerli icra hakimiyyəti orqanlarına deyil, Təhsil Nazirliyinə tabe olmalıdırlar:

“Praktika göstərdi ki, uşaq bağçalarının yerli icra hakimiyyətinin nəzarətində olması səmərli deyil. Uşaq bağçaları da daxil olmaq bütün təhsil müəssisələrində içtimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Özəl müəssisə olmaq istədiyi prinsipləri tətbiq etmək anlamına gəlməməlidir, xüsusən də təhsil müəssisələrində. Buna görə də, həmin müəssisələrin fəaliyyəti ilə bağlı konkret standartların hazırlanıb tətbiq olunması və onların icrasına nəzarətin gücləndirilməsi vacibdir.

Güman edirəm ki, hüquq-mühafizə orqanları həmin bağçada uşaqlara qarşı daha hansı aqressiyanın olub-olmamasını araşdıracaqlar. Bununla belə, məsələnin institutsional tərəfləri var. Lisenziyasız fəaliyyət göstərmək büdcəyə ödənişlərdən yayınmaqla yanaşı, qeyri-leqal dövriyəyə malik olmaq deməkdir. Buna rəğmən, qəribə olsa da bu uşaq bağçasının qanunsuz fəaliyyət göstərməsi ilə heç bir icra qurumu maraqlanmayıb”.

Qeyd edək ki, Bakıdakı “Kids Studio” özəl bağçasında uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu görüntülər yayılıb.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər