Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim və ictimai xadim, professor Cavad Heyətlə vida mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, vida mərasimində Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev , Diaspor Məsələləri Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, Rafael Hüseynov, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pəhanov və digər dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri, dostları, yaxınları iştirak ediblər.
Mərasimdə yazıçı Anar Cavad Heyətin Azərbaycan ədəbiyyatı və dilinin inkişafı naminə gördüyü işlərdən danışıb: “O taylı bu taylı Azərbaycan böyük övladını, ziyalısını itirdi. Cavad Heyət dövrünün tanınmış həkimi, cərrahı idi və əsasən bütün dünyada belə tanınmışdı.Amma o qəlbinin böyük ehtirası ilə ilk növbədə ədəbiyyatımıza, dilimizə, tariximizə xidmət etmək istəyirdi. Və bu xidməti ləyaqətlə həyata keçirirdi. Vaxtilə Abbas Səhhət deyib ki, Sabirin şeirləri Azərbaycan ədəbiyyatına bir ordudan çox xidmət etdi. Bu mənada Cavad Heyətin də fəaliyyəti Azərbaycan dilinə, ədəbiyyatına, mənəviyyatına neçə- neçə ordudan çox xidmət edib. Onun yeri hər zaman görünəcək, onun yerini doldurmaq çətin olacaq. Təsəllimiz bir odur ki, Cavad Heyət böyük irs qoyub getdi. Və bu gün onun çoxlu sayda ardıcılları var. Əminliklə deyirəm, Cavad Heyəti sevənlər onu hər zaman qəlbində yaşadacaqlar. Allah ona qəni –qəni rəhmət eləsin”.
Milli Elmlər Akademiyasının Humanitar Elmlər bölməsinin akademik katibi Teymur Kərimli görkəmli alimin illər uzunu nəşr etdirdiyi “Varlıq” dərgisindən danışıb. Onun sözlərinə görə, məhz bu jurnaldan sonra dünya Cavad Heyəti böyük dilçi, ədəbiyyatşünas, tarixçi kimi tanımağa başlayıb: “54 yaşına kimi Cavad Heyət bütün dünyada görkəmli cərrah kimi tanınırdı. 1979-cu ildə təsis etdiyi və bu günə qədər nəşrini davam etdirən “Varlıq” jurnalının elə ilk saylarından sonra o həm də bir dilçi, ədəbiyyatşünas, tarixçi, filosof kimi tanınmağa başladı. O bu gün cismən bizi tərk etsə də əsərləri yaşayır, xalqımızın, ölkəmizin və bütün bəşəriyyətin yüksəlişində öz rolunu oynayır. Xalqımızın böyük oğluna Allah rəhmət eləsin”.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun sözlərinə görə, böyük alimin əsərləri hər bir azərbaycalı üçün bir məktəbdir: “Cavad Heyətin bəlkə də ən böyük xidməti milliyyətçi insan, ziyalı olmağı, xalqımızın tarixini, ədəbiyyatını çox yaxşı bilməyində idi. Türk dünyasında Cavad Heyət çox böyük alim kimi tanınır. Bəlkə də onun cərrah kimi deyil, türkoloq, dilçi kimi tanıyanlar daha çoxdur. Onun Azərbaycanda, Türkiyədə, İranda çoxlu sayda kitabları çap olunub. Bu əsərlərin hamısı bir məktəb yaradacaq həcmdədir. Onun “Varlıq” jurnalı böyük bir tarixdir”.
Çıxışlardan sonra Cavad Heyətin ailəsi adından məktub oxundu: “Hörmətli alimlər, məclis iştirakçıları, bu mətni Heyət ailəsi adından oxumaq istəyirəm. Bilirsiniz ki, belə bir gündə danışmaq kimi çətin bir iş yoxdur. Çünki biz həmişə Doktor Cavadın sədrlik etdiyi, məruzə oxuduğu iclaslara qatılmışıq. Onsuz bir toplantıya qatılacağımızı heç vaxt təsəvvür belə etmirdik. Mərhum Doktor Cavad Heyətin elmi şəxsiyyəti, onun cərrahiyə sahəsindəki uğurları, türkoloji sahədəki xidmətləri haqqında tədbir iştirakçılarının məlumatları var. Çıxışçılar da bu barədə açıqlama verdilər. Ancaq Heyət ailəsi adından Cavad Heyətin düşüncələri haqqında qısa bir məlumat vermək istəyirəm. O, çox zəki, davamlı çalışan, seçdiyi məzhəbi uğrunda daima mübarizə aparan bir şəxsiyyətə sahib idi. Doktor həmişə fikirlərini açıqca deyərdi. İnandığı prinsiplərə ömür boyu sadiq qaldı. Taleyini xalqının taleyinə birləşdirən bir ziyalı idi. Cavad Heyət ensklopedik bilgilərə sahib idi. Danışıqlarında həmişə yeni sözlər deyərdi. Heç vaxt yalan deməzdi. O, dostluqları ilə məşhur idi. Dostlarının dar günündə həmişə yanında idi. Hər cür fanatizmə qarşı olub, azad olmayan heç nəyi qəbul etməzdi.
Sözün sonunda bu gözəl mərasimin təşkil edilməsində hər cür köməyi əsirgəməyən başda cənab prezident İlham Əliyev olmaqla, bütün dövlət nümayəndələrinə, Azərbaycan xalqına, İranın Azərbaycandakı səfirliyinə, Gömrük xəstəxanasına və mətbuatımıza təşəkkür edirik”.
Vida mərasimindən sonra mərhum Fəxri Xiyabanda dəfn olunub.
Nərmin Muradova
FOTO: İsmi Şahzadə