8 Avqust 2018 17:16
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com bu gün 70 yaşını qeyd edən xalq artisti Rasim Balayevlə müsahibəni təqdim edir:

- Rasim müəllim, doğum gününüz mübarək, necəsiniz, özünüzü necə hiss edirsiniz?

- Çox sağ olun, bəzi xəstəliklərim var, təzyiq, şəkər, bel ağrısı, maşallah, hərəsindən bir az... İnsan yaşa dolduqca problemlər artır. Qurban olum Allaha, onun məsləhəti ilə hələ ki yaşayırıq, görək haracan gedəcəyik.

- Ad gününü qeyd edənlərdənsiniz?

- Yox, təmtəraqlı məclisləri xoşlamıram. Yay ayları çəkilişin ən qızğın çağıdır. Xüsusən natura çəkilişlərini yaya salırlar. Təxminən 30 il ad günümü çəkiliş meydançalarında qrupla birgə qeyd eləmişəm. 67 yaşımdan bəri ailəmlə bir yerdə keçirirəm. Bu günlərdə 20-30 dostum zəng elədi ki, sizə gələcəyik. Gördüm evdə onların qulluğunda dura bilməyəcəyik, həyat yoldaşım da xəstədir, dedik, yaxınlıqdakı restoranda gedib oturub qeyd edərik.

- Bəs kimlərdən təbrik zəngi gəlib?

- Xüsusi bir zəng gözləmirəm, sağ olsunlar, gözlədiyim adamların əksəriyyəti təbrik edib. Yaydır deyə bəzi dostlar burada yoxdur, hərə bir yerdə dincəlir. Yadına düşənlər, televiziyadan eşidib bilənlər zəng edir.

- 70 yaşın özəlliyi nədir?

- Yaş barədə düşünməmişəm, Allahın işidir, indiyə kimi yaşamışam, yanımda o qədər dostlarım olub ki, bu gün həyatda yoxdur. Bu da Allahın payıdır, ömür verib, yaşayırıq. Geri baxanda görürəm ki, boşuna yaşamamışam. Filmlərdə çox çəkilmişəm, o vaxtlar yaxşı filmlər lentə alınırdı. Şükür, 70 il əbəs yerə getməyib. Özümü elə bu yaşda hiss edirəm.

- Yeni filmlərə çəkilmək istəyi yəqin tükənməyib.

- İstək var, amma nə yazan var, nə çəkən. Mən istəyirəm nə qədər ömrüm var, filmə çəkilim.

- Hansı obrazı yaratmağı arzulayırsız?

- Konkret obraz barədə düşünmürəm. İstəyirəm, yaxşı ssenari və rol olsun, çəkilim. Teatr aktyoru deyə bilər ki, Otellonu, Yaqonu oynamaq istəyirəm. Kinoda onu demək olmur. Ssenari yazılır, istehsalata buraxılır, sənə nə təklif olunursa, onu oynayırsan.

- Bu gün həm də Akif İslamzadənin yubileyidir, münasibətiniz varmı, zəng edib təbrik eləmisiniz?

- Radiodan canlı bağlantı qurmuşdular, Akif İslamzadəni efir vasitəsilə təbrik elədim.

- Tanışlığınız hansı illərə təsadüf edir?

- Yaşıdıq, cavanlıqdan tanışıq. O vaxt Akif İslamzadə bütün toyların bəzəyi idi. Elit adamlar onu, Hüseynağa Hadıyevi toyuna çağırırdı. Bir-birimizin varlığından xəbərimiz vardı. İndi arabir məclislərdə görüşürük. Çox təəssüf ki, onun səsi vaxtsız batdı. Amma çox gözəl oxuyurdu, səs yazıları hələ də insanlara xidmət edir.

- Toy məclisinizdə yəqin olmayıb.

- Yox, mənim toyum Ağsuda zurna-qavalla, aşıqla olub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər