İran sanksiyaların mümkün təsirlərini azaltmağa və cəmiyyət daxilindəki parçalanmanın qarşısını almağa çalışır. Lakin sosial-iqtisadi böhranın ağırlığı və tətbiq edilən sanksiyalar İran hakimiyyətinin bu istiqamətdəki səylərini maneə yaradır.
Teleqraf.com xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib.
Politoloq qeyd edib ki, iqtisadi böhran, rialın kəskin dəyər itirməsi, maliyyə çatışmazlıqları və beynəlxalq sanksiyalar İranı çətin vəziyyətə salıb:
“Paralel olaraq, ölkənin iri şəhərlərində hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarının miqyası böyüyür. Kütləvi mitinqlərdə iştirak edənlər həbs olunurlar. Daxili siyasi qüvvələrlə yanaşı, xaricdən də aksiyalara dəstək verilir.
ABŞ Prezidenti Donald Tramp da sosial şəbəkə üzərindən çıxış edərək, İranda hakimiyyətə etiraz edənlərə dəstəyini nümayiş etdirib. O, açıq formada İranda hakimiyyət dəyişikliyində maraqlı olduğunu dilə gətirir. Əlbəttə, bu təkcə Trampın yanaşması deyil. Tramp burada ona xeyir-dua verən yevangelist təriqətli siyasi qüvvələrin əmrini yerinə yetirən bir vasitəçi rolunu oynayır”.
Ramiyə Məmmədova İran məsələsində ABŞ və Avropa İttifaqı arasındakı fikir ayrılıqlarına da toxunub:
“Avropa İttifaqı İranı itirmək istəmir, bu, iqtisadi məsələlərlə əlaqədardır. Bu baxımdan, ABŞ-ın İrana artan təzyiqləri Qərb dünyasında dinlərarası savaşa çevrilə bilər. Bu, yevangelist-katolik savaşına oxşayır. Avropa İttifaqı güc balansını katolik dünyasınin xeyrinə saxlamaq üçün İrana dəstəyini davam etdirəcək.
Əlbəttə, bütün hallarda İranı çətin dövr gözləyir. İran bu mübarizədə öz mövqeyini gücləndirmək üçün Avropa İttifaqı ilə yanaşı, Türkiyə və Rusiya ilə də əlaqələrini sıxlaşdırmağı nəzərdən keçirə bilər”.