12 Sentyabr 2018 18:59
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkə üzrə dövlət hesabına məktəbəqədər bir illik hazırlıq qruplarına uşaqların cəlb edilməsi son illərdə artıb. Dörd il əvvəl başlanan layihə çərçivəsində bu göstəricilərin respublika üzrə 20 faizdən 65 faizə çatdırılmasına nail olunub”.

Teleqraf.com-un xəbərinə görə, bu sözləri təhsil naziri Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir növbəti tədris ilindən bu rəqəmlərdə artımın gözlənildiyini bildirib:

“Bununla yanaşı, ən vacib məqamlardan biri uşaqların məktəbə vaxtında getmə göstəricisinin artmasıdır. Belə ki, məktəbə gec başlayanların göstəriciləri 12 faizdən 6 faizə enib. Yaxın gələcəkdə bu faizin daha da azalmasını planlaşdırırıq.

10 yaşlı uşaqların oxuyub anlama göstəriciləri üzrə aparılan tədqiqat zamanı da nəticələrin 2011-ci il nəticələrindən daha yaxşı olduğu müşahidə edilib. Belə ki, yeni təhsil proqramı əsasında təhsil alan şagirdlərin orta bal göstəriciləri artıb, mükəmməl nəticə göstərənlərin nəticələri 2 dəfə çoxalıb, zəif nəticə göstərənlərin isə 2011-ci illə müqayisədə azalması müşahidə edilib”.

Nazir onu da vurğulayıb ki, 2016-2017-ci ilin qəbul imtahanı nəticələri ilə müqayisədə, 2017-18-ci ildə yüksək bal toplayan abituriyentlərin göstəriciləri də artıb:

“Bu il qəbul nəticələrinə əsasən 400 bal toplayanlar 13.7, 500-dən çox bal toplayanlar 18.7 faiz, 600-dən yuxarı bal yığanlar isə 26.5 faiz artıb. Son 5 illik mükəmməl nəticə göstərənlərin nəticələri təxminən 2 dəfə yüksəlib. Qəbul imtahanları nəticələrinə əsasən müəllimlik ixtisasına marağın artdığı müşahidə edilir. Bu il 2090 nəfər yüksək bal toplayaraq ilk ixtisas kimi müəllimlik ixtisasını seçib, bu da ötən illə müqayisədə 53,6 faiz çoxdur. İki il bundan əvvəl yalnız bir nəfər 500-dən yüksək bal toplayaraq ibtidai sinif müəllimi ixtisasını seçmişdi, bu il 235 abituriyent bu ixtisasi seçib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər