Zənn edirlərsə ki, günah sizdədir, həqiqətən sizdədir. Yorucu və baş gicəlləndirən mühakimələrə dözməkdənsə qəti, lakin natəmiz hökmün itilənmiş bıçağına boyun çəkmək aranı sakitləşdirmək üçün ən yaxşı çıxış yoludur. Çünki başqalarının mühakimələri, daxili vicdanın insanın özü haqda verdiyi hökmdən daha faciəli deyil.
Yaxud, mən bu qeyri-müəyyən vəziyyəti ifadə edən çərənçiliyi kənara atıb o sualı verə bilərəm ki, gecəqondu məhəlləsinin kənarında yerləşən ucuz bir restoranın mətbəxində 49 yaşında yoxsulluğun tökdüyü dişlərin damaqlarını şumladığı yarı-qadın bir məxluqla, 27 yaşında qocalığın zülmətini indidən dərisinə hopdurmuş yarı-adam bir kişini hansı zərurət öpüşməyə məcbur edə bilər?
Əlbəttə, bu, məhəbbət deyildi. Bu vaxt mənim gəldiyim qənaət bu idi ki, bu, yarım-yamaq bir xoşbəxtlikdir, yaxud küləyin dalana çırpdığı qara kölgələrin çıxış yolu axtarışıdır. Yəni, həmin qəti və natəmiz hökmə boyun əyən bu iki nəfər bir-birlərinin dodaqlarından sallanaraq qalmışdılar. Bu, həm də labüd ölümə boyun əyməmək – həyat eşqi idi. Yaşamaqdır...
Bu hadisə təsadüfən mənim gözlərim qarşısında o vaxt baş verirdi ki, mən tələbə idim və bu restoranda ofisiant işləyirdim. Bununla o şübhəyə və inanmaqda çətinlik çəkdiyim, daha doğrusu, inanmaq istəmədiyim o şaiyəyə son qoydum ki, Kömür (restoranda onu belə adalandırırdılar) – dərisi zülmət rəngində olan bu adam saçının hər qılı çeçelə barmaq qalınlığında yoğunlaşmış bu qadınla sevgilidir. Bu, qəribə təsdiqlə yanaşı, həm də iki ziddiyyətli insan arasında yaşanan qəribə məhəbbətdən keçirilən içi ikrahla dolu məyusluq idi.
Həmin vaxt bu, mənimçün dəhşətli hadisə idi, indi də ovqat halında olanda ara-sıra öz şiddətini qoruyur. Əlbəttə, o vaxt da, indi də bu fikirdəyəm ki, əgər indi belə hal baş verirsə, bu, susuz saxlanılmış əsirin kisədə saxladığı son sidik damlasına olan ürəkbulandıran möhtaclığından başqa heç nə deyil. Həyat həmişə bu yerdə ürək bulandırır. Əsla ki, bu, iki kədərli insanın tapdığı yarımcan xoşbəxtliyə edilən qısqanc etiraz yox, dözülməz şərtlərin onları eyni nöqtədə kəsişdirməsinin yaratdığı qorxu idi. Hər kəs bu kökə düşə bilərdi, mən də...
Restoranda qabyuyan işləyən qadın ayaqyolunun təmizlənməsi işini də icra edirdi. Restoranın fəhləliyini edən Kömür isə öz cılız çiyinlərini ağır yükün altına verib ayağa qalxmağa cəhd edəndə, həyat sevgilisinin əllərinin uzandığı həmin ayaqyolundan daha üfunətli olurdu.
Sevgi və qadına dair arzularını həmin qabyuyanla kökündən baltalayıb yıxmış Kömür restoran ağzına qədər dəbli və ətirli qadınlarla dolanda bir dəfə də gözlərini çevirib birinə də baxmazdı. Bu vaxt onu mətbəxdə qabaqdan qalmış yeməkləri içəri ötürməklə məşğul olarkən tapmaq olardı. Radikal eybəcərliyi və buna uyğun yoxsulluğu Kömürü həyatın ən kiçik arzuları qarşısında da, əl-qollarını bağlayaraq qabyuyan qadının şumlanmış damaqları arasında ömürlük məhkum həyatı yaşamağa məcbur etmişdi. Elə həmin qadın da öz taleyini tərbiyəsizliyi yer-göyə sığmayan Kömürün ara-sıra baş qaldıran ehtirasının ümidinə verərək, hər gün bir az da qadınlıq arzuları və hissiyyatını daşlaşdırıb ölənədək yaşamaq məcburiyyətində qoyurdu.
Əlbəttə, birinin vəziyyəti digərindən xoşagələn deyildi – ikisi də məhkum idi. Çətin ki, həyat indən sonra onlara öz xoş üzünü göstərsin. Lakin bir tərəfdən də bu, çox bədbəxtlik deyildi – ikisindən birinin gözlənilən ölümü digərini tərkisilah edib yalnız qoya bilərdi. Bu isə dəhşətli bədbəxtlikdir.
Mənim yarımərhəmət, yarıikrah hissi ilə ünvanladığım “xanım” xitabı da, hamının “nənə” deyə çağırdığı bu qadını daxili təlatümünün içindən çıxarmırdı. Əlbəttə “nənə” səs-küyünün beynini lərzəyə gətirdiyi bu qadın bu səsin haradan çıxdığını yaxşı bilirdi. O, Allahın mərhəmətinə belə biganə idi.
Yəni, bu vəziyyətdə vicdan xilaskar ola bilmir. Bu, elə bir dəhşətli mənzərə idi ki, mən onların uşaqlığını xatırlaya – milyard illər əvvələ qayıdaraq onları öz uşaqlıq cildlərinə sala bilmirdim. Xəyal gücüm yarımcan xoşbəxtliyin yaşadığı bu iki ağız arasında bölünərək, onların mədələrinə düşüb həzm olunurdu.
Bir tərəfdə ən xırda arzusundan – ailə qurmaq istəyindən məhrum olmuş qadın heykəli, bir tərəfdə də beyninin mərkəzində hansısa arzuların uğultulu səs-küyünün oynatdığı bir kisə Kömür – bütün gözəl arzular onlar öpüşməyə başlayanda yenidən baş qaldırmalıydı. Amma təbiətin zorakılığı qarşısında öz çarəsizliklərinə boyun əyməyə məcbur olmuş bu iki insanın xoşbəxt olmaq səyləri o qədər kədərli idi ki, bu cəhdlər onların tarım çəkilmiş əsəblərinə toxunduqca, səslənməyə başlayan ölüm marşı zaldakı səs-küydən daha şiddətli gurultu qoparırdı. Bu, qışqırtı – üsyan idi.
Əlbəttə, mənim onlar haqda gəldiyim qənaət tamamilə səhv ola bilərdi, amma istisna deyildi ki, bir tərəfdən bir-birinə zidd olan bu iki insanı eyni yolda kəsişdirən şeyin adı çarəsizlik və möhtaclıq idisə, bu, bir tərəfdən də, yaşamağa dair ümidsiz müqavimət idi. Nə Kömürün məzmunsuz qüruru, nə də qadının buxovlamaq istəmədiyi son arzuları onları ya ayrılıqda, ya da bir yerdə xilas etmək iqtidarında deyildi. Bu, həyata hər şeyin nə vaxtsa yaxşı olması üçün verilən vaxt sayılmalıydı. Lakin ən müqəddəs inanc da, bu mənzərə qarşısında taqətdən düşüb dizlərini bükərdi. Ən qüdrətli güc də əl uzadıb onları düşdükləri bu fəlakətin kraterindən çıxararaq, xilas edə bilməzdi. Adamların və Allahın da diqqəti onlarda deyildi. Bəlkə də heç Allah da belə olacağını bilmirdi…