Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəsətəyi ilə “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Bakı məktəbliləri arasında təşkil olunan “Mənəvi dəyərlərimiz məktəblilərin gözü ilə” inşa-yazı müsabiqəsinin nəticələrinin də elan olunduğu konfransda Fondun rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müsabiqədə iştirak edən məktəblilər, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov məktəblilərin milli ruhda tərbiyəsi, onların Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti, adət-ənələrimiz və dəyərlərimiz barədəki biliklərinin artırılması və ümumilikdə şagirdlərin
bu mövzularda özlərini ifadə etmə bacarıqlarının inkişafı baxımından bu cür müsabiqələrin böyük əhəmiyyətə malik olduğunu qeyd edib.
Fond rəhbəri Təhsil Nazirliyi ilə birgə Bakı məktəbliləri arasında keçirdikləri bu müsabiqənin həmin məqsədi daşıdığını vurğulayıb. O, eyni zamanda bildirib ki, Fond gələcəkdə də məktəblilərlə bu cür maarifləndirici layihələri həyata keçirmək niyyətindədir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Afiq Əzizov məktəblilər arasında keçirilən bu müsabiqənin onların təhsilə olan maraqlarını daha da artıracağını bildirərək, gələcəkdə bu cür tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin digər nümayəndəsi Rövşən Əliyev mənəvi dəyərlərin mahiyyətindən danışıb, məktəblilərin dəyərlərimizi dərindən bilmələrinin vacibliyini vurğulayıb.
Daha sonra isə münsiflər heyətinin seçiminə əsasən müəyyənləşdirilən qaliblərin adları elan edilib. Müsabiqənin nəticələrinə görə 1-ci yerə Bakı şəhər 287 saylı “Zəkalar” liseyinin 9-cu sinif şagirdi Ağamirzadə Əsmər Samir qızı layiq görülüb. Sonda qaliblər mükafatlandırılıb və onlara diplom və sertifikatlar təqdim olunub.