Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Qəbələ rayonu ərazisindəki Dəmiraparançay çayının sağ sahilində Laza kəndi istiqamətində avtomobil yolunun və yaşayış məntəqələrinin mühafizəsi üçün 436,4 metr uzunluğunda dəmir-beton üzlüklü mühafizə divarının, Samur-Abşeron kanalının Qudyalçayla kəsişməsində dunkerin, Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların, Vəlvələçayda sugötürən qurğunun və Samur-Abşeron kanalının kəsişməsində dunkerin mühafizəsi məqsədilə apardığı tikinti işlərini başa çatdırıb.
Səhmdar Cəmiyyətin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, bütün bu işlər Prezident İlham Əliyevin sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılmasına dair sərəncamına əsasən həyata keçirilib.
“Eyni zamanda, 15 rayonda - Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə obyektlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına başlanılıb”, - deyə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi əlavə edib.