Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, “Bir günlük xəlifə” ADU-da artıq ikinci ildir ki, həyata keçirilir. 2 oktyabr – 2 noyabr tarixləri arasında layihənin 1-ci turu keçirilib. 251 nəfər iştirak edib və 135 nəfəri 2-ci mərhələyə keçib. 27-30 noyabr tarixləri arasında 2-ci mərhələ yekunlaşıb. 31 vəzifəyə namizəd bəlli olub. Qeyd edək ki, “Bir günlük xəlifə” layihəsi çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malik olur. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin maaşını alırlar. Tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 31 rəhbər vəzifəyə namizədliklərini verə bilərlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.
Ötən həftələrdə layihə ilə bağlı seminarlar təşkil olunub. Seminarlarda “Bir günlük xəlifə” layihəsinin seçim turunun mərhələləri, namizədlərin platformalarını yazmaq qaydası və səsvermənin qaydaları barəsində tələbələrə geniş şəkildə məlumat verilib, “Bir günlük xəlifə” layihəsinin mahiyyəti izah olunub. Məlumat verilib ki, “Bir günlük xəlifə” layihəsində universitetin rəhbər strukturları idarə ediləcək, həmin gün tələbələrin verdiyi qərarlar tam hüquqi qüvvəyə malik olacaq və onlar icra edəcəkləri vəzifənin bir günlük maaşını alacaqlar. Seminar iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb.
Qeyd edilib ki, universitetin hər bir tələbəsi, magistr və doktorantlarının layihədə iştirak edə bilər. Vəzifələri tutacaq şəxslərin həmin universitetin “Kölgə kabineti”ni formalaşdıracaq. Yaradılacaq “Kölgə kabinetinin” fəaliyyəti barədə ümumi məlumat verilib. Azərbaycan Dillər Universitetinin Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin tələbələri də "Bir günlük Xəlifə" layihəsində fəal iştirak edərək, rəhbər vəzifələri tutublar. ADU -nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin tələbələri Salman Quliyev rektor vəzifəsini, Diana Seyidova Beynəlxalq əlaqələr üzrə prorektor, Cavid Mirzəzadə Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin dekanı, İsmayılov Fərid isə İtalyan mərkəzinin müdiri vəzifələrini tutublar.